Lənkəranda Dairəvi qala təmir olunacaq

Lənkəranda Dairəvi qala təmir olunacaq Mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.
Mədəniyyət siyasəti
499
10 Mart , 2022 16:48
Lənkəranda Dairəvi qala təmir olunacaq

Mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müşayiəti ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub. Foyedə açılan “Mərhəmət dünyanı xilas edəcək” adlı sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, təqdim olunan əsərlər mərkəzin rəsm studiyasının üzvləri tərəfindən hazırlanıb.

Anar Kərimov və Taleh Qaraşov vaxtilə Lənkəran Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi yerli əhəmiyyətli tarixi abidə – Dairəvi qalanı ziyarət ediblər. Bildirilib ki, Dairəvi qala restavrasiya olunsa da, 2015-ci ilin fevral ayında güclü qar yağması nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağılıb. Tikili uzun illər təmir olunmadığından yağıntılar binanın içərisinə daxil olmaqla daxili konstruksiyaya öz mənfi təsirini göstərib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dairəvi qalanın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı hazırda fəaliyyətini müvəqqəti olaraq şəhər Mədəniyyət Mərkəzində davam etdirir.

Sonra Anar Kərimov Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazir 1924-cü ildən fəaliyyət göstərən muzeyin ekspozisiyasının müasir tələblərə uyğun yenidən qurulmasının vacibliyini bildirib, bununla bağlı müvafiq tapşırıqlar verib. Bildirək ki, muzey 1991-ci ildə Lənkəranın ilk çoxmərtəbəli binası olan Mir Əhməd xanın sarayına köçürülüb. Nazirə məlumat verilib ki, hazırda muzeydə 6678 eksponat mühafizə olunur. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir.

Daha sonra mədəniyyət naziri tank qoşunları generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində olub. Bildirilib ki, muzey 1969-cu ildə açılıb və beş ekspozisiya zalından ibarətdir. 125 kvadratmetr sahəsi olan muzeydə 2373 eksponat mövcuddur.

Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən və XIX əsrdə inşa olunan tarixi-memarlıq abidəsi – Böyük bazar məscidinə baxış keçirən mədəniyyət naziri məscidin yaxınlığındakı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi Hacı Qurban hamamının (XIX əsr) da vəziyyəti ilə tanış olub.

Lənkəran mayakı ilə tanışlıq zamanı Anar Kərimova məlumat verilib ki, mayakdan onunla eyni vaxtda inşa edilən Dairəvi qalaya vaxtilə yeraltı yol var imiş. 1747–1786-cı illərdə tikildiyi ehtimal edilən mayak Lənkəran qalasının dayaq məntəqələrindən biri olub.

Nazir Lənkəran şəhər Uşaq rəssamlıq məktəbində olub. Diqqətə çatdırılıb ki, təhsil ocağının yerləşdiyi bina tarixi əhəmiyyəti nəzərə alınaraq yeni aşkar olunmuş abidələrin siyahısına daxil edilib. Anar Kərimov tikilinin qorunması və bərpası, habelə binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, binanın qəzalı vəziyyətdə olması səbəbindən Uşaq rəssamlıq məktəbi müvəqqəti olaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi