Bakı. 13 dekabr. REPORT.AZ/ "Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan folklor nümunələrindən istifadə üçün mütləq şəkildə Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar".
"Report" xəbər verir ki, bunu “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
"2003-cü ildə folklor nümunələrimizin hüquqi cəhətdən qorunması haqqında ölkəmizdə analoqu olmayan qanun qəbul edilib. Azərbaycanın folklor nümunələrinin plagiata uğramasının əsasən Azərbaycandan kənarda baş verdiyini nəzərə alaraq, sözügedən qanunun icrası ilə bağlı qərar qəbul edilib ki, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan folklor nümunələrindən istifadə üçün mütləq şəkildə Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar. Bununla yanaşı, agentlikdə milli irsimizin xəzinəsi sayılacaq zəngin “Folklor” elektron məlumat bazası yaradılıb. Bu məlumatları qorumaq üçün tərəfimizdən folklor nümunələrinin qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb. Burada əsas məqsədimiz folklor nümunələrinin qeydiyyata alınması yolu ilə onların “pozitiv”, yəni əqli mülkiyyət rejimində və “müdafiəli”, yəni üçüncü şəxslər tərəfindən əqli mülkiyyət hüquqlarının alınmayacağını və qorunmasını təmin etməkdir", - K.İmanov bildirib.
Sədrin sözlərinə görə, Müəllif Hüquqları Agentliyinin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni Nizamnaməsində vacib fəaliyyət istiqaməti kimi “əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi” nəzərdə tutulub.
O qeyd edib ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin qorunması haqında konvensiyasının tezliklə qəbul edilməsinin tərəfdarıdır və agentliyin nümayəndələri bu məsələnin həllində fəal iştirakçılardır.