İtaliya dedikdə bir çoxumuzun ağlına dərhal dünyanın ən böyük antik amfiteatrı Kolizeyə, Vatikan kimi şəhər-dövlətə ev sahibliyi edən, hər küçəsinin xüsusi tarixi olan Roma gəlir. Yaxud da məşhur incəsənət qalereyasında Şah İsmayıl Xətainin portretinin saxlandığı Florensiya, dəbin paytaxtı - “Prada”, “Armani”, “Versace”, “Dolce & Gabbana” də daxil olmaqla bir çox məşhur brendlərin evi olan Milan, dənizlər kraliçası kimi tanınan Venesiya ilə bağlı səhnələr gözümüzdə canlanır. Hətta bəzən Siciliya, Sardiniya adalarında və ya Amalfi sahillərində özümüzü Aralıq dənizinin saf sularına da qərq edirik. Amma İtaliyada bu nəhənglərdən başqa bir də kiçik, lakin gözəlliyi ilə insanı ovsunlamağı bacaran yerlər də var. Bəlkə də, heç italyanların özləri belə həmin şəhərləri tanımır, heç vaxt o ərazilərdə olmayıblar. Belə məkanlardan biri Latsio bölgəsindəki Frozinone əyalətində yerləşən, mənim də İtaliya səfərim çərçivəsində ilk günümü keçirdiyim Kassino şəhəridir.
40 minə yaxın əhalisi olan şəhər, İtaliya miqyasında kiçik olsa da, əslində, Frozinone əyalətinin ikinci ən böyük şəhərdir. Elə bundan ilhamlanaraq addımımı torpağına dəydirən kimi şəhərin seyrinə çıxdım və qısa müddətdə o qənaətə gəldim ki, Kassino İtaliyada yaşamaq üçün olduqca əlverişli şəhərdir. Hətta nəinki yaşamaq, gəzmək və bir neçə günlük səyahət üçün də uğurlu seçimdir. Belə ki, böyük şəhərlərlə müqayisədə tamamilə təhlükəsizdir. Məsələn, Romada sıxlıqla üzləşdiyiniz cibgirlik halları ilə burada qəti rastlaşmırsınız. Dostlarımdan öyrəndiyimə əsasən bunun əsas səbəbi şəhər əhalisinin, əsasən, yaşlılar və tələbələrdən ibarət olmasıdır. Digər müsbət tərəfi qiymətlərin turistik ərazilərə nisbətən bir neçə dəfə aşağı olmasıdır. Üstəlik, şəhər Romadan təxminən 130 kilometr cənub-şərqdə, qatarla cəmi iki saatlıq məsafədə yerləşir və hər saatbaşı buradan Romaya qatar gedir, qiymət isə cəmi 8 avrodur. Hətta 14 avroya xüsusi biletlər var ki, o bileti aldıqda həm istənilən saat üçün gediş-dönüş xərcinizi qarşılamış olursunuz, həm də bu bilet hesabına Romada ictimai nəqliyyatdan gün boyu istifadə edə bilirsiniz. Yəni sırf Roma və Neapol şəhərlərinə səfər etmək niyyətindəsinizsə və büdcəniz çox deyilsə, gecələmək üçün Kassinoya üz tuta bilərsiniz. Ancaq onu da qeyd edim ki, şəhərin əlverişli mövqedə yerləşməsi sizin Kassino ilə bağlı yeganə qazancınız deyil. Kassino sizə həm də gözünüzü oxşayacaq, yaddaşınıza iz salacaq gözəl mənzərələr təqdim edir.
Şəhərdə diqqətimi ən çox cəlb edən ecazkar təbiətdir. Monte Kassinodan baxdıqda meşəlik ərazi kimi görünən bu məkan Qari və Liri çaylarının qovuşduğu hissədə yerləşir. Su ilə yaşıllığın vəhdəti və ona gözəllik qatan 3-4 mərtəbəli rəngli binalar sizə əvəzsiz hüzur bəxş edir. Bəzi küçələrdə ağaclara rəngli və ya kiçik sadə lampalar asılıb ki, axşam saatlarında o parlaq küçələrdən keçəndə elə zənn edirdim ki, Vudi Allenin “Midnight in Paris”ində küçədə sülh içində gəzən Adrianayam, bircə yanımda Gil çatmır. Bəlkə də, Kassino küçələrini Paris küçələri ilə müqayisəm bir az uğursuz oldu, ancaq həmin anlar gözümdə yaşamadığım o səhnəni canlandırdı. Elə bu təəssüratları qələmə alarkən yağış yağmağa başladı ki, yağış da Qabriellanı islanmış təbəssümünü xatırlatdı. Yəni Kassino küçələri hər kəsə beyninin alt qatında gizlənmiş, ona xoşbəxtlik verən səhnələri geniş ekranda yenidən təqdim edəcək qədər gözəldir.
Şəhərdə diqqətimi çəkən üçüncü detal sellofanlarla bağlıdır. Avropanın bir çox şəhərlərindən fərqli olaraq Kassinoda mağazalarda sellofanlardan geniş istifadə edilir və onlar üçün heç bir ödəniş tələb olunmur. Həm buna, həm də insanların səmimi münasibətinə görə özünüzü avropadaymış kimi hiss etmirsiniz, hələ-hələ soyuq Avropa ölkəsindən gəlmisinizə, bura sizə bütün mənalarda həddən ziyadə isti təsir bağışlayır.
Kassinoda bizə, şəhərə və tarixə qazandırılan əsas detal isə Monte Kassino və onun zirvəsində yerləşən, 529-cu ildə Nursiyalı Benediktin təsis etdiyi monastırdır. Bu təpə İkinci Dünya müharibəsi dövründə baş vermiş Monte Kasino döyüşünə görə tarixçilər arasında olduqca məşhurdur. Bu qanlı tarixin qısa icmalı barədə onu qeyd edə bilərəm ki, Monte Kassino döyüşündə müttəfiqlər İtaliyadakı alman qüvvələrinə qarşı vuruşublar və ərazidə dörd döyüş baş verib. Döyüşün əsas məqsədi almanları məğlub edərək Qış xəttini keçmək və Romaya doğru irəliləməyi asanlaşdırmaq olub. Çünki İkinci Dünya Müharibəsi zamanı almanlar Monte Kassinodan müdafiə üçün strateji mövqe kimi istifadə ediblər. Romaya doğru irəliləmək istəyən müttəfiqlər təpədə möhkəmlənmiş alman qüvvələrinin əhəmiyyətli müqaviməti ilə üzləşiblər. Ərazidə baş vermiş ilk üç döyüşdə almanları sıxışdırmaq cəhdləri uğursuzluqla nəticələnib. Lakin monastır intensiv hava bombardmanları zamanı ciddi ziyan görüb. 1944-cü ilin mayında başlayan dördüncü Monte Kassino döyüşündə isə Polşa II Korpusu həlledici rol oynayaraq, nəhayət, almanları məğlub edərək təpəni tutmağa nail olublar. Bu isə müttəfiqlərə İtaliyada daha da irəliləməyə və nəticədə Romanı azad etməyinə imkan verib. Ancaq bu qələbəni onlar 55 min insan itkisi ilə qazanıblar, almanların itkisi isə təxminən 22 min olub.
Tarixi bir kənara qoyub sadəcə təpə və monastırın təsvirinə keçəcək olsam, onu bildirməliyəm ki, İtaliyaya səfər edən hər kəs mütləq şəkildə bu gözəlliklə tanış olmalıdır. Təpəyə hər saatbaşı sadəcə bir avroya qırmızı rəngli xüsusi avtobus qalxır, zirvəyə qalxanadək hər tərəfi ağaclarla örtülü olan yollardan keçirsiniz və bu yol sizə şəhərin dörd tərəfdən panoramik mənzərəsini təqdim edir. Təbiətin qoxusu, sərin meh və monastır sizə geridə qoyduğunuz hər şeyi unutdurur. Bəlkə də, ilk dəfə olduğunuz məkanı qətiyyən daş-divar kimi yox, sənətin və səltənətin sehri kimi qəbullanırsınız. Özünüzü dayanıb “İlahi, belə gözəllikmi olar?” sualını verməkdən də çəkindirə bilmirsiniz. Diqqətə çatdırım ki, ərazidəki ilk monastırı əvvəldə də qeyd etdiyim kimi, Benedikt təriqətinin banisi olan Müqəddəs Benedikt VI əsrdə təsis edib. Hətta Müqəddəs Benedikt bu monastırda dəfn olunub. Əsrlər boyu hücumlar, müharibələr səbəbilə tikili bir neçə dəfə dağıntılara məruz qalıb və müxtəlif dövrlərdə yenidən inşa edilib. XI-XII əsrlər monastırın qızıl dövrü olub. Monte Kassino ətrafında “Müqəddəs Benedikt ölkəsi” adlandırılan böyük bir ərazi satın alınaraq monastırın ərazisi genişləndirilib. Şərq kilsələri ilə əlaqələr yaxşılaşdırılıb. 1057-ci ildə Papa II Viktor Monte Kassinonun baş rahibinin bütün digər baş rahiblərdən üstün tutulduğunu açıqlayıb. Ancaq XIII əsrdə monastırın gücü yenidən zəifləməyə başlayıb. XIV əsrdə bina zəlzələ nəticəsində dağılıb. Burada son ciddi tikinti prosesi İkinci Dünya müharibəsindən sonra həyata keçirilib. Hazırkı monastır XI əsr monastırının orijinal dizaynını əks etdirən neoklassik memarlıq üslubunda yenidən qurulan əzəmətli bir tikilidir. Eksteryer, əsasən, təmiz xətlər, simmetrik fasad və balanslaşdırılmış kompozisiya ilə xarakterizə olunur.
Bu gün monastırda ciddi monastır rejiminə əməl edən Benediktin rahiblər icması yaşayır. 2015-ci ildən etibarən monastır icması on üç rahibdən ibarətdir və deyilənə görə, rahiblər Müqəddəs Benediktin Qaydasına sadiq qalaraq özlərini dua, iş və təhsil həyatına həsr edirlər. Monastırın həyəti tağlarla örtülmüş piyada yolları ilə əhatə olunub. Burada mürəkkəb oyma işlər, heykəllər, gül-çiçəklə örtülmüş sahə həyətə xüsusi gözəllik qatır. Elə monastırın həyətinə yenicə daxil olmuşdum ki, memarlığı ürəyimi necə oxşadısa, ilk dəfə bir məkanın hər küncünü telefonumun da yaddaşına köçürmək istədim. Pilləkənləri qalxdıqca həyəcanım da qalxırdı, hələ uşaqkən arzulamağa başladığım, təsəvvürümdə canlandırdığım İtaliyanın ən sadə bir şəhəri təsəvvürümdən daha artıq idi. Bunu kilsəyə daxil olanda daha dərindən hiss etdim.
Monte Kassino kilsəsinin interyeri o qədər heyranedicidir ki, onu təsvir etmək üçün gərək bütün rəsm elementlərini dəqiqliyi ilə bilən bir rəssam olasınız. Ən bəsit cümlə ilə onu deyə bilərəm ki, həyatımda məni gözəlliyi ilə bu səviyyədə ovsunlayan ikinci bir kilsə görməmişəm. Dini inancından asılı olmayaraq hər kəs divarları heykəllər və dini sənət əsərləri ilə bəzədilmiş bu kilsədə gözəlliyi səbəbindən dinclik tapa bilər. Vitraj pəncərələr təbii işığın süzülməsinə imkan verir ki, bu detal belə sizə arzuladığınız rahatlığı bəxş edir. O incə naxışlara baxdıqca insanın istedadının necə də sərhədsiz olduğunu düşünürsünüz. Dünyadakı bütün tikililərə italyan memar, rəssam və heykəltaraşlarının toxunmasını arzulayırsınız. Buradakı bədii elementlər monastırın ümumi estetik və mənəvi atmosferini o qədər yüksək səviyyəyə qaldırır ki, “Bundan daha gözəl daha nə görə bilərəm?” deyə düşünməyə başlayırsınız. Kassino tanınan şəhər olmasa da, monastırın bu valehedici gözəlliyi və dərin tarixi əhəmiyyəti bu gün onu ziyarətçilər üçün məşhur bir ziyarətgaha çevirib. Monte Kassino monastırının tarixi və dini əhəmiyyətini qiymətləndirməyə dünyanın hər yerindən ziyarətçilər gəlir.
Gəzməklə bitməyən bu monastırın görməli yerlərindən biri də muzeydir. Bəli, Monte Kassinoda tarixi artefaktların və sənət əsərlərinin geniş kolleksiyasını ehtiva edən muzeydə fəaliyyət göstərir. Girişi altı avro olan bu muzeydə, əsasən, XI-XII əsrə aid heykəltaraşlıq nümunələri və XVI-XVII əsrlərə məxsus rəsm əsərləri nümayiş olunur. Onlar arasında Müqəddəs Benediktə həsr olunan əsərlər də az deyil. Yolunuz bir gün İtaliyadan düşsə, bu monastıra mütləq baş çəkin.