Bakı. 25 oktyabr. REPORT.AZ/ Fransanın tanınmış akkordeon ifaçısı Rişar Qalyano Bakıya gəlib.
"Report" xəbər verir ki, sənətçi Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək konsertdə çıxış edəcək.
O, bu gün keçiriləcək konsertdə fransız aurası yaratmağa çalışacağını deyib: "Təəssüflər olsun ki, Bakıda 24 saatdan artıq qala bilməyəcəm. Artıq konsertin hazırlıqlarına başlamışıq. İnanıram ki, bu konsert uzun müddət caz pərəstişkarlarının yaddaşlarında qalacaq".
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşe qeyd edib ki, bu festival ölkələr arasındakı mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün önəmlidir: "Builki festival bizim üçün xüsusi önəm daşıyır. Çünki bu festivalda bizi dünyaca məşhur Rişar Qalyano təmsil edəcək. O nəinki Fransada, dünyada caz janrının yaşayan əfsanəsidir".
Qeyd edək ki, R.Qalyano istənilən musiqi janrında ifa etməyi bacarır. Musiqiçinin 50-dən çox diski işıq üzü görüb. O həmçinin caz və şanson üslubunda ifa edən musiqiçilərlə əməkdaşlıq edib.
R.Qalyano "Deutsche Grammaphone" adını daşıyan nüfuzlu alman disk yazma şirkəti ilə əməkdaşlıq edən yeganə akkordeonçudur. O, 1997-ci ildə "Nyu-York Tango" albomuna görə Victoire de la Musique Jazz, incəsənət və ədəbiyyat üzrə Zabit Ordeni, eyni zamanda SACEM mükafatına layiq görülüb.