Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir AMEA-nın Alimlər evi, Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Yaradıcılıq gecəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və bir sıra incəsənət xadimləri iştirak ediblər.
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli bəstəkarın yaradıcılığının Azərbaycan musiqisindəki önəmindən bəhs edib: "Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla daha da zənginləşdirib. Onun pianoçu, bəstəkar və ictimai xadim kimi müstəsna xidmətləri danılmazdır".
Daha sonra Üzeyir Hacibəyli adına Musiqi Akademiyasının professoru Həcər Babayevanın Firəngiz Əlizadə haqqında məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, bəstəkarın musiqi yaradıcılığındakı əsas istiqamətləri, bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil edir.
Tədbir musiqili təqdimatı ilə davam edib.