“Rusiyada toy və şənliklərdə ermənilərlə dəfələrlə görüşlər, ünsiyyətlər olurdu. Onlar əsasən Azərbaycandakı keçmiş yaxşı günlərini xatırlayan Bakıdan olan ermənilər olub. Azərbaycan mahnıları göz yaşları içində birgə ifa edilib”.
“Report” xəbər verir ki, bunu tanınmış azərbaycanlı müğənni Nazim Pişyari (Faytonçu) “Danışaq” podkastında Həmid Həmidova müsahibəsində deyib.
O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması və imzalanması prosesinin niyə belə çətin olması ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bir çox daxili, xarici qüvvələrin təsiri və təzyiqi altındadır: "Bu, onun təkbaşına qərar qəbul edə bilməməsi anlamına gəlir. Əvvəla, bu, Ermənistanda xalq düşməninə çevrilmək qorxusu ilə bağlıdır. Eyni zamanda, Rusiya da güclü təzyiq göstərir. Digər tərəfdən, dünya erməniləri reallaşmayan təxəyyülləri nəticəsində Ermənistan dalana dirənib”.
N.Pişyari buna baxmayaraq, iki ölkə arasında sülhün yaranacağına və münasibətlərin bərpa olunacağına əminliyini ifadə edib: "Sülh bərqərar olacaq, amma vaxt keçməlidir”.