Azərbaycan xalçaçılıq sənətinin tarixi əsrlər əvvələ dayanır və bu sənət ölkənin mədəni irsinin mühüm hissəsidir. Elə bunun nəticəsidir ki, Azərbaycan xalçaçılığı 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına salınıb. Güney Azərbaycanda doğulub boya-başa çatmış, daha sonra ABŞ-yə köçərək uzun illərdir orada fəaliyyət göstərən həmyerlimiz Əmir Üskülü uzaq Amerikada şəxsi kolleksiyasında qoruyub-saxladığı və tarixi əsrlərlə əvvələ gedib çıxan Azərbaycan xalçalarının təbliği ilə məşğuldur. O, XVII əsrin sonları və XVIII əsrin əvvəllərinə aid Səfəvi saray xalçalarını ABŞ paytaxtı Vaşinqtondan sonra ölkənin qədim xalça mütəxəssislərinə, kolleksionerlərə və sənətsevərlərə təqdim edib.
“Report”un ABŞ bürosu Ə.Üskülü ilə sərgiyə ev sahibliyi edən Nyu-Yorkda yerləşən “Türk Evi”ndə görüşüb, söhbətləşib.
- Əmir bəy, gəlin sizi bir qədər yaxından tanıyaq. Bilirik ki, Təbrizdə doğulubsunuz və uzun illərdir ki, ABŞ-də yaşayırsınız...
- 1972-ci ildə Təbrizdə anadan olmuşam. Siyasət və ticarətlə məşğul olan bir ailədə doğulub boya-başa çatmışam. Biz dörd qardaşıq və mən ailədə ikinci övladam. Qardaşlarımdan ikisi Təbrizdə, digəri isə Naxçıvanda yaşayır. Ailəm milli köklərimizə, Azərbaycan musiqisinə, incəsənətinə, tarixinə və irsinə bağlıdır. Qardaşım kamança ifaçısıdır, mənim də tar alətinə böyük həvəs olub. Düzdür, tarı öyrənməyə bir qədər gec başladım. Ürəyimdəki Vətən həsrətinə isə Azərbaycanın zəngin irsi olan xalçaçılıq sənəti son qoydu, boşluğu doldurdu.
Uşaq yaşlarımdan bu yana atamın yanında xalçaçılıq sənətini, sirlərini öyrənmişəm. Atam sadəcə xalçalar deyil, başqa antik əşyalar da satırdı. Bir müddət sonra belə qərara gəldim ki, xalçanı daha dərindən öyrənmək üçün yeganə məkan bazarlardır. Dörd ilimi bazarda bir tacirin yanında keçirdim və mənə müəllim kimi xalçaçılığın bütün incəliklərini öyrətdi.
Daha sonra Təbriz bazarında xalça biznesimi qurdum. Bir müddət sonra bu işin ruhumu oxşamadığını gördüm. Sufilik mənim həyatıma bir qədər dərindən sirayət etdiyi üçün toxunduğum, baxdığım, gördüyüm hər şeyin ruhunu hiss etmək mənim üçün olduqca önəmlidir. 50-60 illik xalçaların mənim ruhumu oxşamadığını görüncə, məcazi mənada diqqətə, qayğıya və təmirə ehtiyacı olan qədim xalçalarla işləməyə qərar verdim. Antik və nadir xalçaların təmiri üzərində ixtisaslaşmış insanlara bərabər çalışaraq onlardan öyrənməyə başladım və xalçaları, demək olar ki, sıfırdan öyrəndim. Təmirə verdiyim xalçaların təmiri ilə bağlı bütün prosesləri yaxından izləyirdim. Bu təcrübələr xalçaçılıq sənəti ilə bağlı zəngin dünyanı kəşf etməyə mənə kömək etdi. Bölgələrin, şəhərlərin, ölkələrin xalçaları müxtəlifdir. Naxışlardan xalçaları tanımaq insana kömək edir. Bu, həm xalçanın yaşını, həm hansı bölgəyə aid olduğunu bir ekspert kimi müəyyən etməyə kömək edir. Mən xalçaların ruhunu öyrəndikdən sonra başa düşdüm ki, xalça sadəcə toxunulub yerə sərmək və ya istifadə etmək üçün deyil, həm də ruha qida verir.
Məndə Yörük xalçalarına (Xovsuz xalçalar) maraq olduqca böyükdür. Çünki onlar öz simvollarını, öz naxışlarını, öz yaşamlarına aid olan hər şeyi toxuduqları xalçalarda əks etdiriblər. Bu məndə böyük həyəcan yatardı və təxminən iki il ərzindən Muğandan Savalana qədər kənd-kənd gəzib Yörüklərin bütün obalarına gedib, ordakı insanlarla həmsöhbət olaraq onları tanımağa çalışdım. Yörük xalçalarında hər naxış bir tarixdir və yaşanmış hər şey naxışlara həkk olunub.
- ABŞ-yə necə gəldiniz?
- Bilirsiniz ki, İranda meydan ancaq farslarındır. Biz anadan olandan günahkar kimi dünyaya gəlirik, çünki birinci dilimiz fars dilidir. Mənim ailəm bütün çətinliklərə baxmayaraq, Azərbaycan dilini, musiqisini, rəqslərini mühafizə edərək Təbrizdə öz kökümüzü möhkəmləndirməyə çalışıb. Təbii ki, bu hökumətin xoşuna gəlmirdi və böyük basqılara məruz qalırdıq. 2006-cı ildə Təbrizdə bir qəzetdə türkləri hamam böcəyinə oxşadan bir karikatura yayımlanmışdı və bu çirkin kampaniyaya qarşı mənim kimi millətçi gənclər etiraz etməyə başladılar. Etirazlarda məni də həbsə aldılar və dörd ay sorğu-sualdan sonra buraxdılar. Bir ildən sonra elə həmin hadisələrin ildönümündə yenidən məni sorğu-sual etdilər. Həmin ərəfədə baxdım ki, mənim bütün bank hesablarımı hökumət dondurub. Ondan sonra İrandan ayrılmağa qərar verdim və oradan Türkiyəyə, sonra da Amerikaya gəldim. 2012-ci ildən ABŞ-dəyəm və ailəmlə bərabər Boston şəhərində yaşayıram. Tutduğumuz yol, içimizdə hər gün bir az daha çoxalan Azərbaycan sevgisini burada da davam etdirəcəyik. Yeni gəldiyimiz zaman ABŞ-də xalçaçılıq üzərində fəaliyyət göstərən bir təşkilatda mütəxəssis kimi çalışırdım. İki il müddətində amerikalılarla illər ərzində qazandığım bilik və bacarıqları paylaşdım. Onlar özü məndən onlara bir pedaqoqluq etməyimi istədilər və o zaman Təbrizdə qazandığım təcrübələrin nə qədər dəyərli olduğunu daha çox anlamış oldum. Bu bilik və təcrübələr mənim yolumu açdı. Artıq 11 ildir Amerikadayam və demək olar ki, dünyanın bir çox xalça kolleksionerləri ilə yaxından əlaqədəyəm və bu sahədə tanınmış bir mütəxəssisəm.
- Şəxsi kolleksiyasınızda olan Azərbaycan xalçalarını necə əldə etmisiniz və həmin xalçaların neçə yaşı var?
- Ümumiyyətlə, dövrümüzdə qədim xalça tapmaq bir qədər çətindir. Deyə bilərəm ki, İranda hələ mən olduğum dövrdə belə qədim xalça tapmaq olmurdu. Onların hamısı satılıb və ya ölkədən çıxarılıb. O dövrdə belə atamın arxivində olan ən qədim xalça ömrü 100 ildən artıq deyildi. Əsrlər öncələrə aid həqiqi qədim xalçaları, Səfəvi dövrünün xalçalarını ancaq Amerikada və ya Avropa tapmaq mümkündür. Həm ABŞ-də, həm də Avropada dünyaca məşhur xalça mütəxəssisləri və kolleksionerlər var. Kolleksiyamda sərgilərimdə nümayiş olunan və kataloqda olan 13 qədim Azərbaycan xalçası var. Onlardan biri miniatür xalçadır və 16-cı əsrə aiddir. Ümumiyyətlə, Azərbaycanda toxunmuş ən qədim xalça 17-ci əsrə aiddir və mən ondan daha qədim xalça görməmişəm. Biz Səfəvi deyincə sadəcə Azərbaycan deyil, o bölgəni nəzərdə tutduğumuz üçün məndə XVI əsrin sonlarına aid İsfahan xalçası var ki, bu da kolleksiyamın ən qədim parçalarından biridir. Bundan başqa məndə XV əsrə aid xalça da var ki, o da Anadoluda toxunmuş kiçik bir fraqmentdir, xalçadan bir parçadır.
Kolleksiyamda olan xalçaların hekayəsinə gəlincə, Amerikaya yeni gəldiyim vaxtlar idi. Xalçaçılıq üzərinə fəaliyyətləri olan şəxslərlə tanış olmaq üçün Boston və ətraf bölgələrdə bu sahədə olan dərnəkləri və muzeyləri araşdırmağa başladım. Həmin ərəfədə “New England Rug Society (NERS)” adlanan bir təşkilat olduğunu öyrəndim və həmin təşkilata üzv oldum. Oranın üzvlərindən bir xanım bir gün məni öz muzeylərinə dəvət etdi. Həmin muzeyin bir erməni muzeyi olduğunu gördüm. Bir çox tarixi əsərin nümayiş olunduğu erməni muzeyində Azərbaycan xalçaları erməni xalçaları kimi təqdim olunmuşdu. Xalçalarla yanaşı, bizim bir çox musiqi alətlərimiz tar, kamança, nağara, tütək, udda muzeydə ermənilərin musiqi alətləri kimi təqdim olunurdu. Belə bir mənzərəni görmək məni çox təəssüfləndirdi və düşündüm ki, mütləq nə isə etməliyəm. Ermənilər XX əsrin əvvəllərində ABŞ-yə köç ediblər və artıq uzun illərdir ki, özlərini bu ölkədə var etmək üçün bütün vasitələri sınaqdan keçirib, kitablar yazıb, muzeylər açırlar və s. Düşünürəm ki, dünyanın hər yerində yaşayan hər bir azərbaycanlı öz milli kimliyini, zəngin irsimizi tanıtmaq üçün mübarizə aparmalı, savaşmalıdır. Əlbəttə ki, mən o muzeydə gördüklərimdən dərin kədər hissi keçirdim ancaq niyə, nə üçün sualları ilə onlarla dalaşmağın mənası yox idi. Düşündüm və fikirləşdim ki, nə edə bilərəm?
Həmin ərəfədə bu narahatçılığımı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya uzun bir məktub yazdım və ürəyimdən keçənləri çatdırdım. Məktubun ona çatıb-çatmadığını bilmədim, ancaq 2014-cü ildə eşitdim ki, Mehriban xanımın böyük zəhməti sayəsində Bakıda Milli Xalçaçılıq Muzeyi açılıb və bu məni olduqca sevindirdi və qürur qaynağım oldu. Daha sonra isə öz imkanlarım daxilində Amerikada Azərbaycan xalçalarının axtarışına başladım. Həmin ərəfələrdə də Amerikanın müxtəlif şəhər və ştatlarında sərgilərim olurdu və 2018-ci ildə Kaliforniyada baş tutan bir sərgimdə Cim Dikson (Jim Dixon) adlı çox məşhur amerikalı kolleksiyonerlə tanış oldum. Daha sonra biz onunla dostluq etməyə başladıq və bir gün o, məni evinə dəvət etdi. Onun evi çox gözəl bir muzeyə bəzəyirdi, hər tərəfdə xalçalar vardı. Həyatımda ilk dəfə bu qədər həqiqi bir xalçasevər görürdüm. O, bir xalçadan danışanda sanki şeir kimi danışırdı, elə bil övladı haqqında danışır. Mən bu gün arxivimdə olan qədim Azərbaycan xalçalarını ilk dəfə onun evində görmüşdüm və çox bəyənmişdim. O vaxt bu xalçaları mənə satmağını təklif edəndə o bu təklifimi geri çevirmişdi. 2020-ci ildə təəssüf ki, Cim Dikson vəfat etdi və mən onun arxivinin taleyi haqqında maraqlanmağa başladım. Şans mənimlə oldu və həmin xalçalar bir auksionda satışa çıxarıldı və həmin ərazi mənə yaxın olduğu üçün bir necə dəfə xalçaların satışa çıxarıldığı əraziyə gedib, onları yaxından incələmək və almaq fürsətim oldu. Təəssüf ki, xalçaların çoxu yararsız halda idi və bu xalçaların bərpası üçün 5 ay gecə-gündüz dayanmadan zövq alaraq işlədim. İndi fəxrlə deyə bilirəm ki, Azərbaycanın ən qədim xalçaları bu gün Amerikada mənim evimdədir.
- Qədim Azərbaycan xalçalarında verilən mesajlar nədir? Nədir həmin xalçaları başqalarından fərqləndirən?
- İlk növbədə onu qeyd edim ki, mənim dünyada heç vaxt xalça ayaq altına salınmayıb. Azərbaycan xalçası əl üstündə tutulub, baş tacı olub bizim evimizdə. Bu xalçalar Qarabağ və Qubada toxunub nadir xalçalardır. Bir vaxtlar Səfəvi xanədanı Təbrizdən Qaradağa, Qarabağa və Quba yaylalarına ov üçün gedirmiş. Onlar yaz aylarını füsunkar təbiət qoynunda keçirərdilər və öz çadırlarında bu xalçaları istifadə ediblər. Onların saraylarında da istifadə etdiyi xalçalar olub, ancaq bu xalçalar yaylaqlarda istifadə olunduğu üçün daha çox işlənib və köhnəlib. Mənə çox sual verirlər ki, niyə Təbrizin xalçaları, İsfahanda toxunan xalçalar incə olub. Mən də cavabında deyirəm ki, yaşam şərtləri fərqli olduğu üçün, təbii ki, toxunan xalçalarda istifadə olunan materiallar fərqli olub. Bu xalçalarda əjdahanın və Anka quşunun simvolu çox işlənilib ki, bu da əjdahanın bizim irsimizdə qorumaq, pisliklərə qarşı mübarizəni simvol etdiyi üçün çox istifadə olunub. Qarabağ xalçalarında eyni zamanda çiçək, balıq simvolları və Zərdüştlüyün mesajlarını verən fiqurlar geniş əks olunub. O vaxtlar günəş böyük bir tapanaq kimi sevilib və atəşgahlarda insanlar odu hər zaman canlı tutmağa çalışıblar. Həmin xalçalardakı simvollarda odları sönməkdən qorumaq üçün iki keşikçi təsvir olunub ki, onların paltarları balıq formasındadır. Zərdüştilər günəşə mitra deyirdi və Qarabağ xalçalarında mitra, atəş, günəş və onun iki keşikçisi əsas simvollar kimi öz əksini tapıb. Keçmişə getdikcə xalçaların naxışları sadələşir. Bir xalçanın qədimliyini ona toxunaraq və naxışlarla müəyyən edə bilərik. Bu isə təcrübə ilə öyrənilir. Məndə olan Azərbaycan xalçaları Qafqaz adı ilə yayılıb. Bu xalça haqqında bütün məlumatlar onların keçmişə işlənib. Siz xalçalarla bağlı bütün məlumatları, hətta haradan, hansı qiymətə, nə vaxt alındığına dair hər şeyi onların keçmişinə işlənən məlumatlarda öyrənə bilərsiniz.
Bu mövzuda saray xalçalarından da bir qədər bəhs etmək istərdim. Bunlar dövrünün məşhur ustaların əlində işlənib və mənəvi mesajlarla zəngindir. Sadiq bəy Əfşarini misal göstərə bilərəm ki, o, Təbrizdə doğulub və Şah Abbasın vasitəsilə İsfahana gedib. Sənətin ən təkamül etdiyi səfəvilər dövründə yaşayıb-yaradıb, xüsusilə də Şah Abbas dövründə fəaliyyət göstərib. Şah Abbas sənətə çox dəyər verirdi. Çox insanlar fikirləşir ki, İsfahanı farslar var edib, ancaq bu iddiaların gerçəkliklə əlaqəsi yoxdur. İsfahanı var edən ilk öncə səlcuqlular olub, daha sonra səfəvilər. Şah Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürüb və daha sonra isə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürür. Şah Abbas bu köçdə də Təbrizin ətrafından və Təbrizdən, Culfadan çox böyük sənətçiləri özü ilə aparıb. İsfahanı həqiqətən də İsfahan edən türklər olub. Təbii ki, həmin sənətkarların içində nəqqaşlar, xalçaçılar, dizaynerlər var idi və xalçalarda bütün mənəvi simvollar öz əksini tapıb. Həmin dövrdə sözlər, fikirlər, düşüncələr və mesajlar eyham və işarələrlə nəql olunurdu. Açıq heç bir mesaj verilməyib və ilahi eşqi, sufiliyi və mənəviyyatı təcəssüm edəm simvollar toplusu ilə mesajlar verilirdi və bu dəstxətt də müəllimlər vasitəsilə şagirdlərə ötürülürdü. Xalçalarda nilufərin, əjdahanın, güllərin, balıqların xüsusi mənası var. Əjdaha qoruyucu, müsbət enerji, şər qüvvələrə qarşı mübarizəni təmsil edir. Məsələn XV əsrə aid qədim Ərdəbil xalçalarından biri Londonda muzeydə saxlanılır və həmin xalçaya baxdığımız zaman görərik ki, naxışlara necə gözəl məna yüklənərək işlənib. Xalça kitabdır və xalçanı oxumaq lazımdır. Onun dilini öyrənmək lazımdır. Təəssüf ki, xalçaçılıq zamanla yox olmağa doğru gedir. Çünki gənc nəsildə bunun araşdırmasını aparan kütlə yoxdur.
- Bir müsahibənizdə Amerikadakı erməni kolleksionerlərin bu xalçaları sizdən almaq üçün sizə yüksək məbləğlər təklif etdiyini demisiniz. Bu necə baş verib?
- Ötən il mənim Azərbaycanın qədim xalçalarının nümayiş olunduğu ilk sərgim Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının binasında baş tutdu. Sərginin son 10-günü isə şəxsi qalereyamda davam etdi. Sərgiyə maraq olduqca böyük idi və çox insan sərgini ziyarətə gəldi. Daha sonra bir telefon zəngi aldım və bildirdilər ki, onlar mənim kolleksiyamla maraqlanırlar. Onların mənə göndərdikləri e-məktublardakı adlarından mənə məlum oldu ki, həmin şəxslər ermənilərdir. E-məktublar arasında Kanadada yaşayan bir erməni xalça eksperti də var idi və onlar xalçaları gəlib görmək və almaq istəyirdilər. Təklifdə 13 əsərə 3 milyon dollar təklif edirdilər. Mən isə cavabında xalçaların satıldığını söylədim. 3 milyon dollar sadəcə ABŞ-də deyil, dünyanın hər yerində çox böyük puldur. Ancaq mənim üçün pul hər şey deyil. Bəs mənim keçmişim, Azərbaycanın varlığı uğruna aparılan savaşlar, verdiyimiz mübarizələr, tökülən qanlar? Mən axı bunlar necə pula sata bilərəm? Yadımdadır ki, həmin ərəfədə bu təklifi bir neçə dostlarımla paylaşdım və onlardan bir çoxu mənim doğru qərar vermədiyimi sual etdilər. Bu məni bir qədər təəccübləndirdi və kədərləndirdi. Ancaq övladlarım və vicdanım qarşısında alnım açıq, başım dikdir. Ermənilərdə çirkin bir sahiblənmə metodu var: oğurluq. Onlar keçmişi oğurlamağa meyillidilər. Onlar özlərinin olmayan hər şeyə bizimdir deyirlər. Biz axı niyə öz kökümüzə sahiblənməyək? Onların niyyəti məndən xalçaları aldıqdan sonra onun keçmişini silib, erməni xalçaları kimi muzeylərinə qoymaq idi. 30 il heç bir izləri olmayan Azərbaycan torpaqlarına mənim torpağımdır deyib, işğal altında saxlayan bir millətdən nə gözləyirsiniz. Sizinlə maraqlı bir faktı paylaşmaq istəyirəm. Onlar bəzi qədim xalçaların ermənilərin olduğunu isbat etmək üçün sonradan həmin xalçalara qədim erməni xalçalarında olan naxışlar əlavə edirlər. Heç şübhəsiz ki, onlar üçün tarixi saxtalaşdırmaq bu qədər asandır.
- Bundan sonrakı planlarınız nədir?
- Ən böyük arzum bu xalçaları 30 il həsrətini çəkdiyimiz mədəniyyət ocağımız Şuşaya aparmaq və onları öz doğma Vətəninə qovuşdurmaqdır. Bu arzumu sərgilərimin gerçəkləşməsində müstəsna xidmətləri olan ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla paylaşmışam və ümid edirik ki, yaxın gələcəkdə bu layihəmizi reallaşdıra biləcəyik. Başqa çox böyük bir layihəmdə var ki, artıq bunu layihə halına salıb Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim etmişəm. Belə ki mən Bakıda Turan adı altında xalçaların araşdırmasını, bu mövzuda təhsil verilməsini və eləcə də xalçaların mühafizəsini də əhatə edən Turan muzeyi qurmaq istəyirəm. Mən yazdığım layihədə də qeyd etmişəm ki, həyatımı həsr etdiyim və bir mütəxəssis kimi qazandığım bütün təcrübələri, bilik və bacarıqlarımı ömrümün geri qalanını bu yolda təmənnasız olaraq Azərbaycanda bu kompleks layihənin icrasına həsr etməyə hazıram.
Kolleksiyamın şah əsəri olan 13 nadir Azərbaycan xalçasını Azərbaycan dövlətinə hədiyyə etməyə qərar vermişəm. Qoy gənclər muzeydə sərgilənəcək bu əsərləri yaxından görərək öz əcdadlarının qədim tarixini öyrənsinlər. Daha əvvəllər Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqə qurub həm xalçaları, həm də reallaşdırmaq istədiyim layihələri təqdim etməyə çalışdım. Onlar məndən xalçalarımı onlara satmağımı istədilər, ancaq mən cavabımda xalçaları hədiyyə etmək istədiyimi söylədim. Elə ondan sonra heç bir nəticə ala bilmədim. Əminəm ki, mən bu işlərlə əlaqəsi olmayan insanlarla əlaqə qurmuşdum. Ümid edirəm ki, sizin vasitənizlə Azərbaycanda birbaşa bu işlərlə məşğul olan məsul şəxslərlə əlaqə qura biləcəyəm, onlar məni tanıyacaqlar və səsimi eşidəcəklər. Bu arzular mənim könlümdən gəlir və Vətənə olan böyük sevgidən qaynaqlanır. Döyünən ürəyim olan Azərbaycanın yaxın gələcəkdə mənə və xalçalarıma qucaq açacağına ümidim sonsuzdur.