Bakı. 17 avqust. REPORT.AZ/ Fransa müqavimət hərəkatının görkəmli nümayəndəsi, sonradan Fransa prezidenti olmuş general Şarl de Qollun dostu Əhmədiyyə Cəbrayılovun döyüş yoluna həsr olunan yeni film çəkiləcək.
"Report"un məlumatına görə, ekran əsərinin çəkilməsində Azərbaycan, Rusiya və Fransa nümayəndələri iştirak edəcəklər.
“Generalların önündə” adlı filminin ssenari müəllifi Anar Ömərovun sözlərinə görə, Şəkidə, əfsanəvi partizanın ev-muzeyində olub, qəhrəmanın oğlu ilə görüşüb və ondan xeyir-dua, həmçinin, filmdə atasının adının istifadəsi üçün hüquqi razılıq alıb. Bundan sonra bir neçə ay ərzində ssenari üzərində iş gedib.
Ssenarisi Rusiya və Fransadakı tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilən film real hadisələrə əsaslanır və əsasən qəhrəmanın həyatının müharibə dönəmini əhatə edəcək.
Filmi dünya səviyyəsində çəkmək və təqdim etmək üçün layihənin yaradıcı heyəti yerli investorları da cəlb etməyə hazırdırlar.