Bakı. 3 oktyabr. REPORT.AZ/ “Bəzi insanlar tarixi abidələri daşla vurub sındırır, üzərinə adlarını yazır, lazımsız reklamlar vurur, sonra deyirlər ki, dövlət mədəni irsimizi qorumur“.
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.
Nazirin fikrincə, gərək hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlasın: “Biz özümüz ölkə daxilindəki abidələri lazımı qədər qoruya bilirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaya bir dənə mıx vurmaq üçün azı 150 sənəd yığmaq lazım olur. Hərdən biz aciz qalırıq.
Bu proses insanların şüurunda olmalıdır. Bunu insanların şüuruna necə daxil edək? Nazirin çıxışları ilə, televiziya vasitəsilə uzun- uzadı danışmaqla, yoxsa, qəzetlərdə məqalələr yazmaqla, müasir texnologiyalarla, ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa ürək ağrısı ilə gəlmişəm”.