“Mahnılarımızda aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür”.
“Report” xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zərurətə çevirib.
Monitorinqin nəticələrini ümumiləşdirən S.Əliyeva qeyd edib ki, mahnılarda dilimizin düzgün tətbiqi çox vaxt arxa plana keçir:
“Mahnı mətnlərində kifayət qədər leksik və qrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur. Monitorinq zamanı milli-mənəvi dəyərlərimizə zidd davranışları təbliğ edən çoxsaylı nümunələrə də rast gəlinib.
Müəyyən edilən nitq faktları dilimizin özünəməxsus sabit qrammatik quruluşuna, leksik tərkibinə xələl gətirməklə yanaşı, bədii-estetik zövqümüzün korlanması, zəngin musiqi ənənələrimizin itirilməsi ilə bağlı narahatlığa əsas verir. Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür”.