Ceyhun Hacıbəylinin gəlini: "Həyat yoldaşım ailəsi ilə fəxr edirdi"

Ceyhun Hacıbəylinin gəlini: "Həyat yoldaşım ailəsi ilə fəxr edirdi" Paskal Hacıbəyli-Büşe: "Ceyhun Hacıbəyli Azərbaycan-Fransa əlaqələrinin qurulması üçün çox çalışmışdı"
Mədəniyyət siyasəti
16 Aprel , 2018 15:38
Ceyhun Hacıbəylinin gəlini: Həyat yoldaşım ailəsi ilə fəxr edirdi
Report

Paris. 16 aprel. REPORT.AZ/ "Ceyhun Hacıbəyli Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Fransa əlaqələrinin qurulması üçün çox çalışmışdı. Bu gün onun həyata keçirmək istədiyi işlər artıq reallığa çevrilib və Azərbaycanla Fransa arasında bütün sahələrdə əməkdaşlıq inkişaf etməkdədir".

Bu fikirləri “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin (1921-1993) həyat yoldaşı Paskal Hacıbəyli-Büşe (Pascale Hadjibeyli-Buchet) bildirib. 

Onun sözlərinə görə, Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra Ceyhun Hacıbəylinin mühacirətə qədərki əsərləri ilə maraqlanıblar: "Ona aid yazıları toplamaq məsələsində Azərbaycan hökumətinə əlimizdən gələn köməkliyi əsirgəməmişik".

Paskal Hacıbəyli-Büşe deyib ki, bu gün Azərbaycan filmləri Parisin "Le Balzak" kimi böyük nüfuza malik kinoteatrında nümayiş etdirilir: "Azərbaycan filmlərini çox bəyənirəm. Lakin fransalı tamaşıçıların böyük marağına səbəb olan "Arşın mal alan" filmini musiqisinə görə daha yüksək qiymətləndirirəm. Həyat yoldaşım ailəsi ilə fəxr edirdi. O, Parisdə "Arşın mal alan" filminə fransalı tamaşaçıların göstərdikləri yüksək marağı görsəydi, bundan çox böyük qürur hissi duyardı".

Qeyd edək ki, C.Hacıbəyli 1891-ci ildə Şuşa şəhərində anadan olub, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. O, 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin Versal (Paris) sülh konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi heyətdə məsul katib vəzifəsini tutub. C.Hacıbəyli Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra Fransada mühacirətdə yaşamaq məcburiyyətində qalıb. Onun təşəbbüsü və tərcüməsi ilə 1925-ci ildə "Arşın mal alan" operettası səhnədə oynanılıb. C.Hacıbəyli 1962-ci ildə Fransada vəfat edib, məzarı Parisin Sen-klu qəbiristanlığındadır. 

Son xəbərlər

Orphus sistemi