Cənub bölgəsində XIX əsrə aid kilsənin təmirə ehtiyacı var - FOTO

Cənub bölgəsində XIX əsrə aid kilsənin təmirə ehtiyacı var - FOTO Cəlilabad sakinləri və ziyalılar Göytəpə şəhərindəki 6 günbəzli kilsənin təmir olunması üçün dəfələrlə müraciət ediblər.
Mədəniyyət siyasəti
257
24 Yanvar , 2022 14:08
Cənub bölgəsində XIX əsrə aid kilsənin təmirə ehtiyacı var - FOTO

Cəlilabad sakinləri və ziyalılar Göytəpə şəhərindəki 6 günbəzli kilsənin təmir olunması üçün dəfələrlə müraciət ediblər.

"Report"un Muğan bürosuna bu barədə məlumat verən yerli sakinlər bildiriblər ki, onlar müraciətləri ilə bağlı hələlik müsbət cavab almayıblar.

Yerli sakinlərin sözlərinə görə, onlar hər hansı dini etiqatın qadağan edildiyi sovet dönəmində və müstəqilliyin ilk illərindən bu günə qədər bu əzəmətli tikilini tarixi və yerli əhəmiyyətli abidə kimi qorumaq üçün əllərindən gələni ediblər.

Tarixçi Ələsgər Mirzəzadə "Report"un yerli bürosuna bildirib ki, bu abidə Rus-İran müharibəsindən sonra, 1868-ci ildə tikilib:

"1826-1828-ci illərdə ikinci rus-iran müharibəsində ruslar qələbə qazanaraq Azərbaycanın şimalını işğal ediblər. Türkmənçay müqaviləsindən sonra xristian inanclı ruslar Azərbaycanın şimalına, o cümlədən Cəlilabad rayonuna köçürülüblər. 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar. Onlara “azad gəlmələr” adı verilmişdi. Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə edib, istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolnoye kəndinin adı da bu sözlərin birləşməsindən əmələ gəlib".

Ə.Mirzəzadə əlavə edib ki, elə kilsənin tikilməsi zərurəti də bu köçdən sonra yaranıb.

Tarixçi deyib ki, xristian inanclı rusların ibadət etməsi üçün əvvəlcə burada kiçik bir bina tikiblər: "Lakin həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan Rus PIravoslav kilsəsinin inşa edilməsi qərara alınıb. Kilsə 10 ildən sonra istifadəyə verilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Odur ki, kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır".

Ə.Mirzəzadə qeyd edib ki, sovet dönəmində, ötən əsrin 30-cu illərində bütün dini etiqadlar və inanclar, eyni zamanda, dini mərasimlər qadağan edildiyindən kilsə taxıl anbarı kimi istifadə edilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Cəlilabadda yaşayan ruslar öz ata-baba yurdlarına qayıdırlar. Bu kilsəni isə yerli sakinlər mühafizə edərək qoruyurlar. Sonralar kilsə yerli əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyinin sərəncamına verilib".

Kilsə təmirə ehtiyacı olduğu barədə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, kilsənin təmiri hələlik nəzərdə tutulmur: "Lakin mədəniyyət işçiləri tərəfindən burada vaxtaşırı iməclik və təmizlik işləri aparılır".

Məlumat üçün bildirək ki, hazırda kilsənin birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşir. Sakinlərin sözlərinə görə, tikildiyi vaxtdan cəmi bir dəfə təmir olunan kilsənin binasının yenidən təmir-bərpa işlərinə ehtiyac yaranıb.

Son xəbərlər

Orphus sistemi