Türkiyənin Bursa şəhərinin meri Alinur Aktaş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclasında iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
“Report”un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Görüş zamanı Alinur Aktaş Bursanın həm sənaye, həm də tarix baxımından Türkiyə üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
TÜRKSOY-un Baş katibi bu gün Bursada 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasiminin keçirildiyini xatırladaraq, bu tədbirin təşkil edilməsinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
“Ümid edirik ki, gələn il belə bir tədbiri Şuşa şəhərində keçirə biləcəyik”, - o əlavə edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının növbədənkənar iclası martın 31-də keçiriləcək.