Brüsseldə muğam konserti keçirilib - FOTO
- 18 dekabr, 2019
- 21:23
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə muğam konserti keçirilib.
Azərbaycanın Belçikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Əliyevin rəhbərlik etdiyi “Şur” instrumental ansamblının verdiyi konsertdə Brüssel şəhərindəki diplomatik korpusun, Belçika ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov tədbir iştirakçılarına Azərbaycanın muğam sənəti haqqında məlumat verib. Azərbaycan muğamının 2008-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini qeyd edən Q.Məmmədov bu qədim ümumbəşəri mədəniyyət nümunəsinin qorunub saxlanılması, beynəlxalq ictimaiyyətə çatdırılması və gənc nəsil arasında populyarlaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.
Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü İlkin Hüseynov çıxışında Azərbaycan musiqisinin zənginliyindən söhbət açıb.
Daha sonra müğənni Zakir Əliyev və onun gənc tələbəsi Mənzurə Əbdürrəhmanova “Şur” intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Onların ifaları tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.