Bişkək. 11 iyul.
"Report"un Bişkəkə ezam olunan müxbiri xəbər verir ki, festival "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında gənclər" mövzusunda "dəyirmi masa" ilə başlayıb.
Qırğız Respublikasının Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov deyib ki, bu müzakirələr Tükdilli ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə yol açacaq.
Türk Şurası katibliyinin layihə direktoru Jıldız Uzakova isə tədbirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımları xüsusi ilə qeyd edib. Onun sözlərinə görə, Türk Şurası çərçivəsində bir çox qərarlar məhz Azərbaycanda qəbul olunub. O vurğulayıb ki, ilk gənclər festivalı Azərbaycanın Gəncə şəhərində uğurla keçirilib: "Bundan əlavə, Azərbaycan Türk Şurasında iqtisadi sahədə də aktiv şəkildə iştirak edir. Bakının təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu Türkdilli ölkələr üçün əhəmiyyətli bir layihədir".
Tədbirdə Türk Şurasına daxil olan ölkələrin gənclər təşkilatların nümayəndələri öz dövlətlərində gənclərlə bağlı vəziyyət haqqında məruzə ilə çıxış ediblər.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə ölkədə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən və ölkədə fəaliyyət göstərən gənclər təşkilatlardan danışıb.
Qeyd edək ki, festival çərçivəsində iştirakçı ölkələrin konserti də təşkil olunacaq. Konsertdə Azərbaycanın milli rəqsləri və mahnıları təqdim ediləcək. Bundan başqa iştirakçılar Qırğızıstanın tarixi yerlərinə, məşhur yazıçı Çingiz Aytmatovun ev-muzeyinə baş çəkəcəklər.
Xatırladaq ki, I Türk Şurasının Gənclər Festivalı 2016-cı ilin sentyabrında Gəncədə keçirilib.