İtaliya səfərimin ikinci günündə italyanlara şəxsiyyət olaraq daha çox diqqət yetirməyə başladım və bu zaman onların azərbaycanlılara necə oxşadıqlarının fərqinə vardım. Bu oxşarlıq təkcə zahirən deyil. İtalyanlarda istiqanlılıq, səmimiyyət, emosionallıq kimi bəzi spesifik xüsusiyyətlər də var ki, bunları daha çox Şərq ölkələrində yaşayan insanlarda görə bilərsiniz. Mərkəzi və Şimali Avropa ölkələrinin insanlarında bu xüsusiyyətləri müşahidə etmək o qədər də mümkün deyil.
Digər bir ortaq cəhət də paytaxtlardakı turist və miqrantların milliyyəti, qarışıqlıq və ictimai nəqliyyatda sıxlıqla bağlıdır. Məsələn, Romaya ilk addımınızı atanda elə bilirsiniz Hindistan və ya Pakistandasınız. Şəhərin əsas dəmiryolu stansiyası olan Roma Termini yaxınlığında Hindistan və Pakistan restoranlarının çoxluğu sizin bu fikrinizi gücləndirəcək. Ümumiyyətlə, xidmət sektorunda bu millətlərin nümayəndələrinin aktiv fəaliyyətini görə bilərsiniz. İctimai nəqliyyata gəldikdə isə burada Bakıdakı kimi daim insanlarla təmas etməli, “bir bədəndə iki ruh” kimi dayanmalısınız, tıxac da ki, öz yerində... Amma həm də Kassinodan fərqli olaraq burada cibgirlər çoxdur. Romada çantanızı bir dəqiqə belə gözünüzdən qoymamalısınız. Amma bütün bunları kənara qoysaq, fikrimcə, Roma Tanrının ən gözəl rəsmidir. 2500-dən çox yaşı olan bu ecazkar şəhər üçün istifadə edə biləcəyim ən uğurlu ifadə, yəqin ki, bu olmalıdır. Heç təsəvvür belə edə bilmirəm ki, bu torpağa ayağı basan kimsə Romaya aşiq olmadan geri qayıtsın. Çünki Roma saf məhəbbətə çox bənzəyir, siz onu tapanda ona qədər yaşadığınız bütün hislərin anlıq təlatümlər olduğunun fərqinə varırsınız. Ondan əvvəl və sonra onlarla şəhər gəzirsiniz, amma səyahətdən söz düşəndə gözünüzdə canlandırdığınız ilk səhnə Romada cərəyan edir. Təkcə Kolizeyə addımınızı atanda sizi elə bir əhval bürüyür ki, ətrafı uşaq kimi başınızı ovuclarınızın içinə alıb gözünüzə qonan paklıq parıltısı ilə izləyirsiniz. Romanın illüziya və həsrət şəhəri olmasıyla bağlı məşhur deyim, bəlkə də, çoxlarınıza məlumdur. Əminliklə deyə bilərəm ki, bu deyimi ancaq Kolizeyin tamaşasına çıxanda real qavramaq mümkün olur. Çünki birinci əsrdə belə bir nəhəngi insanın yaratması möcüzədən başqa bir şey deyil. Kolizeyə gedən küçələrin daş-divarı belə sizə Romanın əsrlər boyu qərb dünyasında siyasi, mədəni və dini gücün mərkəzi olduğunu göstərir.
Hər küncündə sənət qırıntısı tapacağınız bu şəhərə düşəndə üç günə hər şeyi sığdıra bilmək üçün nəyə necə və haradan başlamalı olduğumu heç bilmədim. Şəhəri gəzmək üçün Kolizeydən başladım. O Kolizey ki, dünyanın ən qədim və böyük antik amfiteatrı, həm də dünyanın yeddi yeni möcüzəsindən biridir. Eramızın 72-ci ilində inşa edilmiş bu tikili Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə ilk olaraq “Flavi amfiteatrı” adlandırılıb, VII əsrdən isə Kolizey adını qazanıb. İndi də dünyada bu adla məşhurdur. Onu qeyd edim ki, YUNESKO-nun Dünya İrsi siyahısına da daxil edilən bu sənət incisini yaxından görmək heç də asan deyil. Belə ki, hələ 150-200 metr məsafədə yerləşən körpüdən onun qarşısında böyük bir izdihamın olduğunu görürsünüz. İnsanların bir qismi körpünün üzərində, digər bir qismi dəmir hasarların yanında dayanıb şəkil çəkdirirlər. Lakin sıxlığı yaradanlar sadəcə Kolizeyi görmək üçün gələnlər yox, həm də tur bələdçiləri, küçə satıcılarıdır.
Tikilinin qarşısında o qədər aksesuar satıcısı var ki, onların “mühasirəsindən” qısa müddətdə çıxıb binaya daxil olmaq müşkül məsələdir. Özü də buradakı satıcılar olduqca fəndgirdirlər. İlk olaraq sizin vizual görüntünüzü bir xeyli tərifləyirlər, sonra aksesuarları sizə hədiyyə kimi uzadırlar, sonda isə “hədiyyə”nin qarşılığı olaraq sizdən ürəyinizdən keçən qədər pul istəyirlər. Amma bu pul beş avrodan aşağı olsa, “hədiyyə”ni sizdən geri alırlar. Elə ki bu satıcı divarını keçdiniz, sizi ikinci bir “müdafiə istehkamı” - tur bələdçiləri qarşılayır. Onlar sizə, adətən, 100-150 avrodan başlayan turlar təklif edir və bildirirlər ki, turlarına qoşulsanız, içəri daxil olmaq üçün növbədə gözləməyinizə ehtiyac qalmayacaq. Əslində, bu, xeyli vacib bir detaldır. Çünki normalda Kolizeyə daxil olmaq üçün uzun bir növbədə gözləməlisiniz, xüsusilə də iyun-avqust aylarında. Əgər bələdçiləri torlarına düşmədən keçə bilsəniz, qarşıda Kolizeyin interyerini görmək üçün yeganə baryer qalır ki, o da növbədir. Burada siz iki hissədə mühafizəçilərlə qarşılaşırsınız. Birinci hissədə qiyməti 50 avro olan biletinizi yoxlayırlar. Amma onu da bildirim ki, buraya biletiniz olmadan keçmək kimi bir imkanınız da var. Bu şans isə sadəcə “Press kart”ı olanlara və “Roma mədəniyyəti tarixi”, “Arxitektura” kimi xüsusi ixtisaslarda təhsil alan tələbələrə verilir. İlk qapıdan keçdikdən sonra ikinci yoxlama yerinə yaxınlaşırsınız ki, həmin hissədə müvafiq sənədlərinizi təqdim edib içəri daxil olursunuz. İstəyinizdən asılı olaraq gəzməyə birinci və ya ikinci mərtəbədən başlaya bilərsiniz.
Açığı, burada əsas hissəyə keçmək bir qədər vaxtımı aldı. Çünki Kolizeyin bir neçə giriş qapısı var. Tarixən arenaya daxil olmaq üçün - nə az, nə çox - 80 qapı salınıb. Həmin qapılardan dördü sırf imperatorlar, senatorlar və digər rütbəli şəxslər üçün istifadə edilib. Hətta oturacaqların da o dövrdə xüsusi mahiyyəti olub. Belə ki, 50 min nəfərlik tutumu olan Kolizeydə ilk sıralar imperator və onun ailə üzvləri, eləcə də senatorlar üçün nəzərdə tutulub. Sonrakı yerlər isə üç hissəyə ayrılıb ki, birinci hissədə digər vəzifəli şəxslər və süvarilər, ikinci hissədə Roma vətəndaşları, üçüncü hissədə isə Romanın ən kasıb insanları əyləşiblər.
Arenaya daxil olanda təsəvvür etdiyim ilk şey qladiator döyüşləri oldu. Bildiyiniz kimi, Kolizey V əsrin əvvəllərinədək məşhur qladiator döyüşlərinin keçirildiyi yer olub. Kralları əyləndirmək üçün burada vaxtaşırı qladiator və ya vəhşi heyvanların döyüşləri keçirilib. Hətta bu divarlar öküz döyüşlərinə belə şahidlik edib. Ancaq indi bu arenada nə həmin oturacaqlar, nə də hansısa döyüşü təşkil etmək üçün boş ərazi var. Hər tərəf iri daşlarla örtülüdür. Fərziyyəmə görə, həmin iri daşlar vaxtilə heyvanların saxlanılması üçün döşəmənin altında salınmış zirzəminin parçalarıdır. Ancaq hər nə qədər daxili görüntüdə dəyişikliklər olsa da, sanki ötən iki min il bu binanın əzəmətindən heç nə aparmayıb. İçərisində özünüzü XXI əsrə aid hiss etmirsiniz. Mən buradakı hər addımımda özümü ikinci əsrdəki Roma imperiyasında kimi hiss etdim. Bu hissləri yaşadan, bura haqqında təsəvvürləri bəxş edən isə təbii ki, 2000-ci ildə çəkilmiş “Qladiator” filmi oldu. Ümumiyyətlə, Roma imperiyasındakı qladiator döyüşləri haqqında fikir sahibi olmaq istəyənlər üçün bu film əvəzsiz mənbədir. Təkcə Hans Zimmerin bəstələdiyi saundtrek imkan verir ki, siz özünüzü o mənzərədə təsəvvür edə biləsiniz. Film Mərakeşdə lentə alınsa da, 161-180-ci illərdə Roma imperatoru olmuş Mark Avreli, onun oğlu Kommod və ən güclü sərkərdəsi Maksimus arasında münasibətlərdən, daha geniş şəkildə isə Romadakı qladiator döyüşlərindən bəhs edir. Ancaq onu qeyd etməliyəm ki, real həyatda hadisələr qətiyyən filmdəki kimi cərəyan etmir. Lakin bununla belə, mən Kolizeydə Maksimusla Kommodun döyüşünü izlədim. Kommodu canlandıran aktyor Xoakin Feniksin bənzərsiz gözləri gözümə sataşdı. Kolizey o qədər fərqli hisslər yaşatdı ki, o hisslərin burulğanını təkcə sözlə təsvir etmək olmur, o rəngarəngliyi naxış kimi düzmək üçün də gərək nəqqaş olam. Belə bir inanc var ki, Roma Kolizey durduqca yaşayacaq, Kolizey yox olduğu gün isə bütün bəşəriyyət məhv olacaq. Yəni Kolizey Romanın ən gözəl naxışıdır. Onun təkcə özü yox, əsas girişindən baxanda gördüyünüz mənzərə də gözünüzü oxşayır. O mənzərə ki, sizə Venera və Roma məbədini təqdim edir.
Venera və Roma məbədinin Qədim Romada ən böyük məbəd olduğu güman edilir. Roma Forumunun şərq kənarı ilə Kolizey arasında Velian təpəsində yerləşən məbəd şans gətirən Venera və əbədi Roma ilahələrinə həsr edilib. Binanın tikintisi eramızın 121-ci ilində imperator Hadrianın göstərişi ilə başlayıb və 141-ci ildə varisi Antoni Pius dövründə tamamlanıb. Məbədin layihəsini dəməşqli memar Apollodor hazırlayıb. Tarixən bu məbəd biri Veneraya, digəri isə Romaya həsr olunmuş iki ayrı ziyarətgah otağından ibarət olub. Veneranın cellası Roma Forumuna, Romanın cellası isə Kolizeyə açılıb. Hər bir cella ilahələrin önəmini əks etdirən özünəməxsus memarlıq üslubuna sahib olub. Məbədin interyeri müxtəlif mifoloji səhnələri və imperiya zəfərlərini əks etdirən görüntülərlə bəzədilib, orada çoxlu heykəllərə, o cümlədən Venera və Romanın heykəlinə yer verilib. Deyilənə görə, məbəd II Konstantini heyrətə gətirən tikililərdən biri olub. Ancaq təəssüf ki, Venera və Roma məbədi əsrlər boyu təbii fəlakətlər və insan müdaxilələri nəticəsində xarabalığa çevrilib. Məbəd orta əsrlərdə qismən sökülüb və onun materiallarından başqa binaların tikintisində istifadə olunub. Əvvəlki görüntüsü əsrlər boyu tam qazandırıla bilməsə də, məbədin bəzi parçalarını qorumaq mümkün olub. Bu gün Venera və Roma məbədi Roma Forumunun ən təsirli xarabalıqlarından biridir.
Kolizey və Forum üçün aldığınız biletlərlə oranı ziyarət etmək mümkündür. Ziyarət zamanı təkcə o qalıqları görmək belə sizə gözəl hisslər yaşadacaq. Roma sənətinin gücünü sökülmüş daşlarda belə duyacaqsınız.