Salyan rayonunda yerli əhalinin “buzxana” adlandırdığı tarixi tikili dağılmaq təhlükəsi ilə üzləşib.
Bu barədə “Report”un Aran bürosuna “buzxana”nın yerləşdiyi Salyan rayonunun Babazanlı yaşayış massivinin sakinləri bildiriblər.
Burada dəmir betondan inşa edilmiş üç tikili var. Onlardan ikisi küçədə, biri isə yaxınlıqdakı həyətyanı sahədə yerləşir. Qapı hissələri şərq memarlığı üslubunda hörülmüş bu tikililərin ön hissəsi dairəvi, arxa hissəsi isə anbar formasında inşa edilib. İlk baxışda diqqəti çox da cəlb etməyən tikililəri yerli sakinlər “buzxana” adlandırırlar.
O tikililərin təyinatı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəziləri onlardan vaxtilə su anbarı kimi istifadə edildiyi qənaətindədir. Digərləri isə orada bir zamanlar buz hazırlandığını, “buzxana” adının da məhz bundan qaynaqlandığını güman edir.
“74 yaşım var. Uşaq vaxtlarından bu binanı görmüşük. Dəqiq bilmirəm, o zaman Bakıdan, ya da başqa yerdən maşınla buz gətirirdilər. Soyuducu olmadığından, ərzaq məhsulları xarab olmasın deyə buzu parçalayıb dükanlara paylayırdılar. Bu tikililər mənim yaddaşımda belə qalıb”, - Babazanlı sakini Əsgəralı Rəhimov deyib.
Yaşayış massivinin 61 yaşlı sakini Əbülfəz Sadıqov isə “buzxana” haqqında daha ətraflı danışıb:
“Uşaqlıq çağlarımızda bu tikilinin içərisində çox oynamışıq. Atalarımızdan eşitdiyimiz kimi, biz buraya həmişə “buzxana” demişik. İçəri girəndə bir qədər sol tərəfdə “zadvişka” (siyirtmə) var idi. Deyilənə görə, o qurğu suötürücü rolunu oynayıb. Bunun vasitəsilə əhaliyə, yeməkxanalara, buruqlara su verilib. Eyni zamanda, orada 40-80 santimetr uzunluğunda buz da hazırlanırmış. Buzu rahat daşımaq üçün yan hissələrində tutacaq olub”.
Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, 1929-cu ildə Salyan rayonunun Babazanlı yaşayış massivində buz hazırlamaq üçün zavod istifadəyə verilib. Həmin bu tikililərin də buz zavoduna məxsus olduğu ehtimal edilir:
“Bu tikililərin yerli əhəmiyyətli bir abidə kimi qorunub saxlanılması zəruridir. Çünki bunların vasitəsilə o dövrdə insanların yaşayış tərzini, təsərrüfat həyatını daha yaxından öyrənmək olar”.
Hündürlüyü 5, uzunluğu 10-15 metr, divarlarının qalınlığı isə 60 santimetrdən çox olan bu tikililər kifayət qədər möhkəm və davamlıdır. Lakin uzun müddət baxımsız, nəzarətsiz qaldığından, artıq qapıları sökülüb, içərisi müxtəlif məişət tullantıları və zibillə doldurulub.
Mütəxəssislərin fikrincə, bir əsrə yaxın yaşı olan bu tikililər bərpa edilərək qorunub saxlanılarsa, həm yerli, həm də əcnəbi turistlər üçün maraqlı olar.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Report”un yerli bürosuna bildirilib ki, haqqında danışılan tikililər tarixi, eyni zamanda, yeni aşkar edilmiş abidə kimi siyahıda qeydə alınmayıb.