Balakən. 28 oktyabr. REPORT.AZ/ Balakəndə Beynəlxalq Xurma Festivalı start götürüb.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər.
Festivalın rəsmi açılış mərasimi Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında baş tutub. Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkib, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olublar.
Parkda həmçinin xurmadan hazırlanan məhsulların – doşab və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib. Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər.
İştirakçılar “Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkib, istehsal prosesi ilə də tanış olublar.
Qeyd edək ki, Balakən rayonunda Beynəlxalq xurma festivalı ilk dəfə ötən ilin noyabrında keçirilib.