Bakıda “TATE HATORYU” qrupu ənənəvi yapon döyüş sənətini nümayiş etdirib, ustad dərsi keçib.
“Report” xəbər verir ki, tədbir Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.
Universitetin prorektoru Gülşən Əliyeva bildirib ki, yapon mədəniyyəti dərin fəlsəfə ilə zəngindir və bu, onu unikal edir: “Yapon mədəniyyətinin Azərbaycan mədəniyyəti ilə oxşarlığı ondan ibarətdir ki, hər iki ölkə öz mənəvi dəyərlərinə hörmət edir, hər iki mədəniyyətdə cəsarət və qəhrəmanlıq üstünlük təşkil edir”.
Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirəcək. Bununla ölkəmizin sakinləri Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olacaq.
Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansıdır.
Nyu-Yorkda fəaliyyət göstərən məşhur “TATE HATORYU” qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayıb və samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edib.