Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakıda keçiriləcək sənədli filmlər festivalında təxminən 40 film nümayiş olunacaq.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis məlumat verib.
Onun sözlərinə görə, IMAGINE Avropa Tolerantlıq Festivalı çərçivəsində ilk növbədə müxtəlif konsertlər təşkil ediləcək, müxtəlif rəqs çıxışları, tamaşalar və digər tədbirlər nümayiş olunacaq: "Bununla yanaşı, Bakıda ilk dəfə "DocuBaku" sənədli film festivalı keçiriləcək. Festival çərçivəsində Adam Mitskeviç İnstitutunun təşkil etdiyi, "sosial dəyişikliklər"ə həsr olunan beynəlxalq kinofestival da keçiriləcək".
D.Daniilidis tədbirdə müxtəlif məşhur kinorejissorların iştirak edəcəyini və onların yeni fəaliyyətə başalayan mütəxəssislərə ustad dərsləri təşkil etmək niyyətində olduğunu vurğulayıb: "Bu gün Avropada iqtisadi, siyasi və sosial sahələrdə hansı problemlərin olduğunu göstərmək istəyirik. Hazırda 40 filmin nümayiş etdirilməsi barədə qərar qəbul edilib, lakin filmlərin sayı arta bilər. Daha geniş tamaşaçı auditoriyası toplamaq üçün filmləri müxtəlif kinoteatrlarda, kafelərdə və hətta kitabxanalarda göstərməyi planlaşdırırıq. Gün ərzində 3-6 yerdə filmlər nümayiş olunacaq. Filmlərə giriş pulsuzdur".
Qeyd edək ki, IMAGINE Avropa Tolerantlıq Festivalı Bakıda oktyabrın 12-20-də keçiriləcək.
Xatırladaq ki, IMAGINE Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, "Park Cinema", "Landmark Hotel", "DocuBaku", "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və "Turkish Airlines"ın dəstəyi ilə təşkil olunur.