Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Filmləri Həftəsinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, "Kinofest" Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və "YARAT" Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil olunub.
Azərbaycanda Rusiya Filmləri Həftəsi beşinci dəfədir keçirilir. Bu il müxtəlif janrlarda - sərgüzəşt, komediya, dram, hərbi, melodram və müasir Rusiya kinosunun bütün palitrasını göstərən janrlarda ən yeni filmlər təqdim olunur.
Rusiya Filmləri Həftəsi tədbirlərində rejissorlar Anar Abbasov, Kim Drujinin, Sergey Livnev, ssenarist və aktyor Dmitri Bedaryov, prodüser Georgi Malkov da daxil olmaqla məşhur kinematoqrafçılar iştirak edirlər.
Gecənin açılışında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin çıxış ediblər.
Bakıdan olan gənc rejissor Anar Abbasovun “Döyüş” bədii filmi (2019) nümayiş olunub. Filmdə eşitmə qabiliyyətini itirən, ancaq rəqsə olan məhəbbətinə görə yenidən səhnəyə qayıdan rəqqasın hekayəsindən danışılır. Film "Yaşayacağıq" VIII Moskva Film Festivalının Qran-prisinə layiq görülüb.