Bakıda Meksikanın Qlobal Həftəsi (#SemanaGlobal) keçiriləcək.
"Report" Meksikanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Həftə çərçivəsində xaricdə Meksika icmasının möhkəmlənməsi və mədəniyyətinin təşviqinə yönəlmiş bir sıra tədbirlər baş tutacaq.
Belə ki, oktyabrın 24-də Bakıda Meksika istehsalı olan “Ölülər günü” və ya “Salmanın böyük arzusu" cizgi filminin premyerası baş tutacaq. Cizgi filmi Meksika adətlərinin bir qızcığaza arzusuna çatmağa necə kömək etdiyini göstərir.
Qlobal Həftə çərçivəsində səfirlik həmçinin 28 oktyabr-3 noyabr tarixlərində Landmark hoteldə Milli Mətbəx Həftəsini təşkil edəcək.
Qlobal Həftənin son tədbiri isə “Frida və Dieqo. Yolun yarısında təbəssüm” adlı fotosərginin açılış mərasimi olacaq. Fotolar Meksikanın iki görkəmli rəssamının – Dieqo Rivera və Frida Kalonun həyat və yaradıcılığını əks etdirəcək.