Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalının açılışı olub.
"Report"un məlumatına görə, festival Heydər Əliyev Sarayında keçirilən konsertlə başlayıb.
Konsertdən öncə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani deyib ki, konsertin əsas məqsədi ölkəsinin zəngin mədəniyyətin Azərbaycan xalqına nümayiş etdirməkdir.
O bildirib ki, konsertdə 1000-ə yaxın azərbaycanlı qaçqın və məcburi köçkün qonaq qismində iştirak edir. Səfir qeyd edib ki, İndoneziya bununla Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlardan didərgin salınan insanlarla öz həmrəyliyini nümayiş etdirirmək istəyib.
Diplomat vurğulayıb ki, Azərbaycan və İndoneziya bir-biri ilə müxtəlif sahələrdə əməkdaşlıq edir.
Sonra Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, deputat Qənirə Paşayeva və İndoneziyadan gələn qonaqlar çıxış ediblər. İndoneziyanın müxtəlif adaların və millətlərin milli rəqsləri və mahnıları tamaşaçılara təqdim olunub.
Konsert çərçivəsində həmçinin İndoneziya mədəniyyətinə, mətbəxinə aid məhsulların sərgisi və yarmarkası da təşkil olunub.
Qeyd edək ki, festival sentyabrın 10-da Milli Parkda keçiriləcək konsert və rəqs proqramı ilə başa çatacaq.