Qərbi Azərbaycan İcması və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə mayın 29-u saat 20:00-da Heydər Əliyev Sarayında “Göyçə aşıq məktəbi - dünən və bu gün” adlı konsert keçiriləcək.
Bu barədə "Report"a Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, ötən əsrdə Qərbi Azərbaycanda baş verən qırğınlar və deportasiyalar soydaşlarımızın maddi irsi ilə yanaşı, qeyri-maddi mədəni irsinə də zərərsiz ötüşməyib:
"İstər ədəbiyyatımız, istər xalçaçılığımız, istər musiqimiz, kulinariyamız və s. nümunələrlə yanaşı, zəngin Göyçə aşıq məktəbi də zərər görüb. Dərin köklərə malik Göyçə aşıq sənəti özünəməxsusluğu, rəngarəngliyi, parlaq nümayəndələri ilə seçilir. Dədə Qorqudla başlayan, Xətai ilə zənginləşən ozan-aşıq sənətimiz Göyçədə Miskin Abdal Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Musa, Aşıq Nəcəf, Aşıq Əsəd ilə davam edib. Məlum olduğu kimi, aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Təəssüf ki, məhz elə bu siyahıya salınan irs nümunəsinin Göyçə qolu deportasiyalar nəticəsində ağır zərbə alıb. Dədə Ələsgərin doğulduğu Ağkilsədəki abidəsi yerlə-yeksan olunub. Biz bütün bu faktlarla bağlı UNESCO-ya müraciətimizdə bildirmişik".
Ü.Zülfiqar həmçinin vurğulayıb ki, Göyçə aşıq məktəbi bu gün aldığı mənəvi zərbələrə rəğmən davam edir, yaşayır:
"Məhz bu zəngin xalq yaradıcılığını yaşatmaq üçün ilk dəfə mayın 29-u saat 20:00-da Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert keçiriləcək. 1987-91-ci illər deportasiyası nəticəsində mənəvi zərbələrə məruz qalan Göyçə aşıq sənətindən bəhs edən ilk irimiqyaslı konsertdə Göyçə aşıqları ilə yanaşı, Cənubi Azərbaycandan olan "Dalğa" qrupunun rəhbəri Çingiz Mehdipur, o cümlədən xalq artisti Alim Qasımov, Fərqanə Qasımova, opera və muğamımızın görkəmli simaları da iştirak edəcək".