Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 8-ci Beynəlxalq Yoqa Gününə həsr olunmuş yoqa sessiyası təşkil edib.
“Report” xəbər verir ki, sessiyadan əvvəl qonaqları Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna salamlayıb.
“Son illərdə yoqa geniş populyarlıq qazanıb. Bugünkü sessiyada iştirak etdiyinə görə, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyevə minnətdarlığımı bildirirəm. Sessiyanın əsas motivi “bəşəriyyət və çiçəklənmə üçün yoqa”dır”, - səfir bildirib.
Vanlalvavna əlavə edib ki, bir neçə həftə sonra Azərbaycanı tərk edəcəyindən bu tədbir onun üçün xüsusi əhəmiyyət kəsb edir.
Sessiyanı yoqa müəllimi Kənan Məmmədov keçirib.
Xatırladaq ki, 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatı Hindistanın təşəbbüsü ilə irəli sürülən və 117 dövlətin dəstəklədiyi qətnaməni qəbul etməklə, 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.