Bakı. 20 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Nazirlər Kabineti yanındakı Tərcümə Mərkəzinin direktoru, tanınmış yazıçı Afaq Məsud ilə görüşüb.
“Report”a Meksika səfirliyindən bildirilib ki, görüş zamanı hər iki xalqın yaxınlaşmasında ədəbi əlaqələrin əhəmiyyəti vurğulanıb.
Meksikalı yazıçı Xuan Rulfonun “Pedro Paramo” romanının Azərbaycandakı nəşrinin necə rəğbətlə qarşılandığı barədə danışan Afaq Məsud yerli oxucuların Latın Amerikası, o cümlədən Meksika ədəbiyyatına maraq göstərdiyini deyib. O, hazırda Tərcümə Mərkəzində bir sıra meksikalı yazıçının əsərlərinin tərcüməsi üzərində işlər görüldüyünü də diqqətə çatdırıb.
Ədəbi əlaqələr sahəsindəki əməkdaşlığın və təcrübə mübadiləsinin iki xalqın bir-birinə daha da yaxından tanıdılması baxımdan mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirən səfir R.Labardini hər il keçirilən Quadalaxara Beynəlxalq Kitab Yarmarkasından söhbət açaraq, bunun dünyada ikinci böyük, ispandilli dünyanın isə ən böyük kitab yarmarkası olduğunu söyləyib.
Meksikalı diplomat həmçinin hər iki ölkədə keçirilən mədəni tədbirlərdə tərəflərin iştirakı məsələsinin müzakirə edilməsinə tərəfdar olduqlarını bildirib.