Samuxda "Ərik Festivalı” keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, festivalla əlaqədar şəhərin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub.
Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan parkda təşkil olunan tədbirdə milli mətbəxin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının mürəbbə və şirələrinin stendlərlə təqdimatı olub.
Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib.
Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.
Qeyd edək ki, "Ərik Festivalı”nın Samux rayonunda keçirilməsi təsadüfi olmayıb. Belə ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur.
Festival konsert proqramı və atəşfəşanlıqla sona çatıb.