Azərbaycan Baş Konsulluğu Sankt-Peterburqda keçirilən beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib
- 25 noyabr, 2014
- 12:39
Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib. "Report" Azərbaycan Baş Konsulluğuna istinadən xəbər verir ki, hər il keçirilən tədbir Sankt-Peterburqda akkreditasiya olunmuş xarici diplomat və mütəxəssislərini birləşdirən Beynəlxalq Qadın Klubu tərəfindən təşkil olunur. Bu il tədbirdə 18 ölkənin, o cümlədən MDB ölkələrinin baş konsulluqları iştirak edir.
Azərbaycan yarmarkada ənənəvi xörək, milli şirniyyat, çaxırlar, çay, suvenirlər və ölkə haqqında məlumatların nümayiş olunduğu stendlə təmsil olunub. Stenddə təqdim olunmuş və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya həsr olunan "Bakı" jurnalının nömrəsi qonaqların böyük marağına səbəb olub.
Beynəlxalq xeyriyyə yarmarkasında əldə olunan bütün vəsait il ərzində Sankt-Peterburq və Leninqrad vilayətinin uşaq evləri və xəstəxanalarına köçürüləcək.