​Azərbaycanda kino işi ilə bağlı materialların idxalına tətbiq olunan vergi və gömrük rüsumu ləğv oluna bilər

​Azərbaycanda kino işi ilə bağlı materialların idxalına tətbiq olunan vergi və gömrük rüsumu ləğv oluna bilər Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin payız sessiyasında ilk iclası keçirilib
Mədəniyyət siyasəti
25 Sentyabr , 2014 12:06
​Azərbaycanda kino işi ilə bağlı materialların idxalına tətbiq olunan vergi və gömrük rüsumu ləğv oluna bilər
Bakı. 25 sentyabr. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisdən “Report”a verilən məlumata görə, komitə sədri Nizami Cəfərov bildirib ki, payız sessiyasının iş planına qanunvericilik təşəbbüsü subyektləri tərəfindən daxil olan sənədlər və dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri ilə yanaşı, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya mədəniyyəti haqqında”, “Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” sənədlər daxil edilib.

İclasda “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə fikir mübadiləsi aparılıb. İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, hazırda kino çəkilişi, düşündürücü ssenarilərin hazırlanması ilə bağlı geniş layihələr hazırlanır: "Kinematoqrafiya ilə bağlı olan mövcud qanun isə müasir standartlara cavab vermir. Ölkədə keyfiyyətli kino qurğuları və lentlər hazırlanmır.  Aparat və texnoloji kino avadanlıqları olduqca baha qiymətə xaricdən gətirilir. Buna görə də kino işi ilə bağlı materiallar ölkəyə idxal edilərkən vergi və gömrük rüsumundan azad edilməlidir”.

Nazir müavini bu maddənin sənəddə əksini tapmasının zəruriliyini vurğulayıb.

Qanun layihəsi komitənin payız sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Son xəbərlər

Orphus sistemi