Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu qurumun mənzil qərargahına gedib. “Report”un xəbərinə görə, M.Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb.
“Qobustan kölgələri” baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan xalqının və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESKO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi bağ olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.
Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə Qobustanın UNESKO-dakı tanıtımı çərçivəsində qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı da olub. Mərasimdə çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez də Qobustanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə diqqəti Qobustanın UNESCO - Azərbaycan əməkdaşlığındakı roluna çəkib. O, bu tarixi abidənin təşkilatın dünya irsi siyahısına salınmasının son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib.
Sərgidə nümayiş olunan fotolardan da göründüyü kimi, qayaüstü rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib.