Bakı. 19 sentyabr. REPORT.AZ / Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi-mədəniyyət nümunələri olan 385 ədəd əşya və predmetin Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilməsi təmin olunub.
Bu barədə "Report"a DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac vardır. Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək.
Qeyd edək ki, Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi-mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir.