​“Arşın mal alan” filmi Hollivudda nümayiş olunub

​“Arşın mal alan” filmi Hollivudda nümayiş olunub Filmin nümayişində 650 nəfərə yaxın tamaşaçı iştirak edib
Mədəniyyət siyasəti
21 Sentyabr , 2015 10:56
​“Arşın mal alan” filmi Hollivudda nümayiş olunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Hollivudda nümayiş olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.

Film Hollivudun ən qədim kinoteatrlarından olan “Ricardo Montalban” kinoteatrında təqdim edilib.

Qeyd edək ki, nümayişdə həmin filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.

Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın mal alan” filmi barədə məlumat verib. Baş konsul hələ 2001-ci ildə ulu öndər Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib. Diplomat Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb.

Sonra çıxış edən Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb.

Çıxışlardan sonra film nümayiş etdirilib. Nümayişdə Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los-Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib.

Son xəbərlər

Orphus sistemi