“Allahın evi”nə ödənişli ziyarət: İsveç kral ailəsinin iqamətgahından - REPORTAJ

“Allahın evi”nə ödənişli ziyarət: İsveç kral ailəsinin iqamətgahından - REPORTAJ Stokholm səyahətimin üçüncü gününü şəhərdəki saray və kilsələri gəzərək keçirdim. Düzü, burada o qədər saray və kilsə mövcuddur ki, hamısını gəzib görmək üçün bir gün qətiyyən kifayət deyil. Ancaq bununla belə siyahısını hazırladığım xüsusi əhəmiyyətli və
Mədəniyyət siyasəti
24 İyul , 2023 12:07
“Allahın evi”nə ödənişli ziyarət: İsveç kral ailəsinin iqamətgahından - REPORTAJ

Stokholm səyahətimin üçüncü gününü şəhərdəki saray və kilsələri gəzərək keçirdim. Düzü, burada o qədər saray və kilsə mövcuddur ki, hamısını gəzib görmək üçün bir gün qətiyyən kifayət deyil. Ancaq bununla belə siyahısını hazırladığım xüsusi əhəmiyyətli və ehtişamlı məkanları ziyarət etmə imkanı tapdım. Fikrimcə, Stokholmda ilk görməli olduğunuz saray elə düz şəhərin mərkəzində - “Gamla stan”da yerləşən və Parlament binası ilə qonşu olan Kral sarayıdır. Bura hazırda İsveç kral ailəsinin rəsmi iqamətgahıdır və Kralın əsas iş yeri sayılır. Bina 1697-1760-cı illər arasında, ərazidə yerləşən orta əsr memarlıq nümunəsi olan Üç Tac qalası yanğın səbəbilə dağıldıqdan sonra onun yerində inşa edilib. Barokko üslublu saray ötən dövr ərzində bir neçə dəfə təmir və genişləndirməyə məruz qalıb və nəticədə digər memarlıq üslubundan da müəyyən qədər bəhrələnib.

2009-cu ildən etibarən 660-ı pəncərəli olmaqla 1 430 otaqdan ibarət olan tikili bu gün Avropanın ən böyük kral saraylarından biri statusundadır. Binanın fasadı sarı rəngi və çoxsaylı heykəlləri ilə seçilir. Bu heykəllərdə isə tarixi şəxsiyyətlər, mifoloji personajlar və simvolik təsvirlər əks olunub. Sarayın qanadları ilə əhatə olunmuş daxili həyəti də azı heykəllər qədər möhtəşəmdir və ahəngdar dizayna malikdir. Həyət tez-tez müxtəlif dövlət əhəmiyyətli tədbirlər üçün istifadə olunur. Bundan başqa, xarici həyət də var ki, burada hər gün Oslo və Kopengandakı kimi, saray mühafizəçilərinin dəyişmə mərasimi keçirilir. Bu tədbir ziyarətçilərə sarayın təsirli arxitekturasının fonunda ənənəvi hərbi nümayişi izləməyə imkan verir.

Kral sarayının interyerinə gəldikdə isə, burada sıxlıqla rokoko elementləri tapa bilərsiniz. Zərif oymalar və mürəkkəb tavan freskaları sarayın daxilindəki rokoko dizaynının müəyyənedici xüsusiyyətlərindəndir. Bildirim ki, ziyarətçilərə İsveç monarxlarının dəbdəbəli həyat tərzinə nəzər salmaq imkanı verən Kral mənzilləri sadəcə ilin müəyyən günlərində ictimaiyyət üçün açıq olur. Ancaq digər hissələr müəyyən saatlar daxilində daim ictimaiyyətin ixtiyarındadır. İnteryerdə Dövlət zalı, Kral kapellası xüsusi əhəmiyyətə malik olan hissələrdir. İsveç Milli kilsəsinin parçası hesab edilən kapella kral ailəsi və sarayda yerləşən İsveç Kral Məhkəməsi üçün ibadət yeri kimi xidmət edir. Vurğulayım ki, kapella da barokko memarlıq nümunəsidir, lakin interyeri rokoko üslubunu təcəssüm etdirir. Kral kapellası İsveç tarixində kral toyları, vəftizləri və dəfn mərasimləri də daxil olmaqla çoxsaylı əlamətdar hadisələrin keçirildiyi yer olub və bu gün də belədir.

Stokholm həm tarixi, həm də memarlıq baxımından böyük əhəmiyyətə malik olan çoxsaylı kilsələrə ev sahibliyi edir. Lakin buradakı bəzi ibadət evləri həm də turistik məqsədlə xidmət göstərdiyi üçün giriş ödənişlidir. Düzü, gözəlliyinə, əhalinin rifahına və digər bir çox xüsusiyyətinə görə yaşamaq üçün ideal şəhər olduğunu düşündüyüm Stokholmda belə bir halla rastlaşmağım məni təəccübləndirdi. Allahın evini ziyarətin ödənişlə mümkün olmasına heç bir tərəfdən haqq qazandıra bilmədim, ancaq yenə də onlara baş çəkdim. Qeyd edim ki, belə ibadət evlərindən biri elə Storkyrkan kimi tanınan və Kral sarayının yanında yerləşən Stokholm kafedralıdır. XIII-XIV əsrlərdə inşa edilən və şəhərin ən qədim binalarından biri olan kafedral İsveçin dini və mədəni irsinin mərkəzi hesab olunur. Barokko memarlıq üslubunda inşa edilmiş kilsənin həm eksteryeri, həm də interyeri olduqca gözəldir. Bura xarici qırmızı kərpicdən tikilmiş fasadı və 66 metr hündürlüyü olan qülləsi ilə xarakterizə olunur. Kilsənin içərisində isə dini sənət əsərləri, heykəllər və mürəkkəb ağac oymalarının zəngin nümayişini tapa bilərsiniz.

Məkanda ən diqqətəlayiq hissələrdən biri təsvir etməkdə çətinlik çəkdiyim möhtəşəm tavandır. Belə ki, kilsə hündür tağlı tavana malikdir və qabırğaya bənzəyən dekorativ elementləri ilə tavan daxili məkanın əzəmətini və vizual cazibəsini xeyli artırır. Divarlar isə din xadimlərini, müqəddəsləri və mələkləri əks etdirən heykəllərlə bəzədilib. Bununla yanaşı, burada kral emblemlərini, gerbləri və interyer dizaynına inteqrasiya olunmuş nişanları tapa bilərsiniz. Kilsənin tavanında vitraj olmasa da, divarları rəngli işığın kilsəyə süzülməsinə imkan verən gözəl vitraj pəncərələrə malikdir və həm bu pəncərələr, həm də tavandan asılmış, işıqlandırmanı təmin edən zərif çilçıraqlar kilsədə heyrətamiz bir görüntü yaradır. Qeyd edim ki, muzey təsiri bağışlayan bu gözəl məkan kral toyları, tacqoyma və dəfn mərasimləri də daxil olmaqla müxtəlif kral mərasimlərində mühüm rol oynayıb. Bu gün də İsveç kral ailəsinin iştirakı ilə dövlət tədbirləri üçün məşhur bir yer olaraq qalır.

Kral sarayının yaxınlığında yerləşən bir digər əhəmiyyətli kilsə isə Riddarholmen kilsəsidir. XIII əsrdə kərpicdən inşa edilən ibadət evi əsrlər boyu bir neçə dəfə təmir olunub. İndiki görünüşünü isə XVII əsrdə qazanıb. Kilsə şəhərin ən mühüm tarixi binalarından biri olmaqla yanaşı, həm də bir çox İsveç monarxının dəfn edildiyi məkandır. Kraliça Kristina istisna olmaqla, kral Qustav Adolfdan V Qustava qədər olan İsveç monarxlarının qəbri kilsədə yerləşir. Lakin bina hazırda kralların dəfn yeri kimi fəaliyyət göstərmir, sadəcə anım yeri kimi istifadə olunur və ictimaiyyətə tam açıqdır. Kilsənin divarlarında gerblər asılır. Belə bir ənənə var ki, Kral ordeni cəngavərləri vəfat etdikdə onların gerbi kilsədən asılır və dəfn mərasimi keçirilərkən kilsənin zəngləri saat 12:00-dan 13:00-dək fasiləsiz çalınır.

Bu əzəmətli məkandan sonra qədim şəhərdə ziyarət edə biləcəyiniz memarlığı ilə göz oxşayan üçüncü kilsə isə Alman kilsəsidir. XVII əsrdə Stokholmda alman dilli tacirlərə və sakinlərə xidmət etmək üçün onların sıxlıq təşkil etdiyi məhəllədə tikilmiş kilsə bu gün təkcə ibadət yeri deyil, həm də şəhərdəki almandilli icma üçün mədəniyyət mərkəzi və görüş yeri kimi fəaliyyət göstərir. Ziyarətim zamanı açıq olmadığı üçün kilsənin interyerini görmə imkanım olmadı. Ancaq eksteryeri barədə onu deyə bilərəm ki, 96 metr hündürlüyü olan kərpicdən tikilmiş qülləsi və mislə örtülmüş şpili ilə olduqca cazibədar bir görünüşə sahibdir. Həm mahiyyəti, həm vizuallığı ilə şəhərin əhəmiyyətli tikililəri olan bu kilsələrdən əlavə, istəyəcəyiniz təqdirdə Müqəddəs Klara kilsəsi, Hedviq Eleonora kilsəsi və ya Oskar kilsəsi kimi maraqlı dizayna sahib məkanlara da baş çəkə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi