Bakı. 10 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimində iştirak edib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Abu-Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.
Tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.
BƏƏ-nin vitse-prezidenti, ölkənin Baş naziri və Dubay Əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi Luvr muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.
Fransa Prezidenti Emmanuel Makron muzeyin Yaxın Şərqdə, eləcə də ərəb dünyasındakı əhəmiyyətindən danışaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa, tolerantlıq və dünyəvilik kimi dəyərlərə xüsusi diqqət yetirən BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib. O, muzeyin açılmasının İslam və ərəb dünyası ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayevin BƏƏ-dən olan həmkarı Rim Əl-Kəabi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.