Gəncə Dövlət Milli Dram Teatrına yeni statusun verilməsi bu yaradıcılıq ocağının kollektivi tərəfindən böyük fərəhlə qarşılanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Dövlət Milli Dram Teatrının yeni statusu şəhərin mədəni həyatında mühüm hadisə kimi qarşılanıb.
Teatrın baş rejissoru Elşad Əhmədov teatra Milli statusun verilməsinin əməkdaşlarla yanaşı, sənətsevər gəncəlilər üçün də çox sevindirici hal olduğunu deyib:
"Ümummilli Lider Heydər Əliyevin incəsənət xadimlərinə göstərdiyi qayğı və diqqət bu gün cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən davam etdirilir. Həm teatrımıza bu statusun verilməsi, həm də bizə göstərilən diqqətə görə dövlət başçısına və birinci xanıma dərin təşəkkürümüzü bildiririk. Göstərilən bu qayğı və yeni statusumuz məsuliyyətimizi daha da artırır”.
E.Əhmədov teatrın yaradıcılıq planlarının geniş olduğunu vurğulayaraq, korifey sənətçilərin qoyub getdiyi ənənələri davam etdirməyə çalışdıqlarını bildirib:
“Hal-hazırda yeni yaradıcılıq planları üzərində işləyirik. Görkəmli artistlər yetişdirən teatrımıza Milli statusun verilməsi həqiqətən, əbəs yerə olmayıb. Azərbaycan teatr və kino tarixinə adlarını qızıl hərflərlə yazdıran artistlərin qoyub getdiyi ənənələr bugünkü kollektiv tərəfindən də yaşadılır. Bu teatr Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Gəncə Dövlət Milli Dram Teatrı bundan sonra da mədəniyyət tariximizdə öz mühüm rolunu qoruyub saxlayacaq. Teatrımıza bu statusun verilməsində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm”.
Teatrın aparıcı aktyorları da mənsub olduqları sənət məbədinə bu statusun verilməsinin onlar üçün böyük stimul olduğunu söyləyiblər. Əməkdar artist Rahilə Məmmədova da bu fikirdədir:
“Bizdən öncə bu teatrın tarixində böyük izlər qoyan sənətkarların ruhları şaddır. Bu ad məsuliyyətimizi xeyli artırmaqla yanaşı, çox xoş hissdir. Təbii ki biz işimizi məhz bu ada layiq qaydada davam etdirəcəyik. Teatrımıza verilən bu statusa görə dövlət başçısına minnətdarıq”.
Əməkdar artist Novruz Cəfərov Gəncə Dövlət Milli Dram Teatrının heyətinin peşəkarlardan ibarət olduğunu, teatrın rəhbərindən tutmuş aktyor heyətinə qədər hər kəsin öz işinə tələbkarlıqla yanaşdığını deyib:
“Əlbəttə, bu statusun verilməsi üçün teatrın fəaliyyətini uzun müddət izlənilib, ölkədə və xaricdə oynadığımız tamaşaların səviyyəsini görüblər.
Mən deyərdim ki, Milli statusun verilməsi bu teatra münasibətdə haqq-ədalətin bərqərar olunmasıdır. Qeyd edim ki, teatrımız yarandığı gündən indiyədək öz dəst-xətti olan, İkinci Dünya müharibəsinin gedişində də fəaliyyətini davam etdirən azsaylı teatrlardan biridir. Teatrımızda hər kəs səylə çalışır, yeni-yeni tamaşalar üzərində işləyir, müxtəlif janrlarda olan əsərləri səhnələşdiririk.
Milli teatrın aktyoru olmaq bizim üçün qürurvericidir. Cənab İlham Əliyevin göstərdiyi bu qayğıya uyğun olaraq, öz məsuliyyətimizi daha da artıraraq fəaliyyətimizi mükəmməl şəkildə davam etdirəcəyik”.
Gəncə Dövlət Milli Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Anar Ərtoğrul Burcəliyev isə bu statusun verilməsi ilə teatrın tarixində yeni səhifənin açıldığını söyləyib:
"Gəncə Dövlət Milli Dram Teatrı sentyabrda özünün 129-cu mövsümünü açacaq. Gəncə teatrı Azərbaycan teatrına çox sayda sənətkar bəxş edib. Teatrımız daim özünəməxsus zəngin repertuar siyasəti ilə seçilib.
Bu teatrda illərlə teatrın repertuarında saxlanılan xeyli tamaşa olub və onların hər nümayişi tamaşaçıların böyük alqışını qazanıb. Belə bir zəngin repertuar siyasəti bu gün də uğurla davam etdirilir.
Həmçinin tamaşaçıların arzu və istəklərini nəzərə alaraq yeni əsərlərin səhnələşdirilməsinə də başlanılıb. Unutmayaq ki, internet, yüksək texnologiya dövrü olsa da, teatr öz aktuallığını hər zaman qoruyur. Canlı səhnəni heç nə əvəz edə bilməz. Tamaşaçılarımızın alqışları kimi, fikirləri də bizim üçün hər zaman dəyərlidir”.
O, Gəncə teatrına Milli statusun verilməsini ölkə başçısının və birinci xanımın Azərbaycan mədəniyyətinə qayğısının bariz nümunəsi kimi qiymətləndirib:
“Teatrımıza Milli statusun verilməsi bizim çoxdankı arzularımızdan birinin həyata keçməsi oldu. Çünki çox zəngin tarixə malik olan teatrımız bu statusa layiq idi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi bu diqqət və qayğı nəticəsində teatrımız öz yeni tarixinə yeni statusla başlayır. Bu qürurverici hissləri bizə yaşadan dövlət başçısına minnətdarıq.
Onu da bildirim ki, təqribən son 60 ildə regionlarda yeni teatr binası tikilməyib. Bu qədər vaxtdan sonra ilk dəfə Gəncə şəhərində belə bir möhtəşəm teatr binası inşa olunub. Bu da cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan teatrına, mədəniyyətinə göstərdiyi qayğının bariz nümunəsidir”.
Xatırladaq ki, Gəncə Dövlət Milli Dram Teatrının yeni binası 2021-ci ildə istifadəyə verilib. 2024-cü il mayın 16-da isə teatra Milli status verilib.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı 1921-ci il noyabrın 13-də Bakıda yaradılıb. Teatr 1925-ci ilə qədər "Tənqid-təbliğ", 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərib. 1932-ci ilin dekabrında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb.