Videooyunlar oğlan uşaqlarında oxumaq bacarıqlarını inkişaf etdirmək üçün yaxşı vasitədir.
“Report” xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Milli Savadlılıq Fondu və Əyləncə Sənayesi Assosiasiyasının araşdırmaçıları gəliblər.
Məlumata görə, oyunlar qızlar üçün də bu bacarığı inkişaf etdirməyə yardımçı olur, lakin daha az dərəcədə. Bildirilib ki, videooyunlar sayəsində uşaq və yeniyetmələrdə yaradıcılıq və kommunikativ bacarıqlar da təkmilləşir.
Araşdırmada yaşı 11-dən 16-dək olan 4 626 uşaq iştirak edib. Məlum olub ki, oyun həvəskarının 79%-i paralel olaraq həm də çoxlu oxuyurlar: oyunun özündəki mətnlər və ismarışlar, icmallar, bloqlar, fanfiklər və oyunlar barədə kitablar.
Oğlanlara videooyunlar daha çox kömək edir. Buna səbəb onların kompüter arxasında qızlardan fərqli olaraq daha çox vaxt keçirməsidir.
Bundan başqa, oyunlar hesabına uşaqlarda yaradıcılığa da həvəs yaranır. Belə ki, oyunçuların 63%-i ən azı bir dəfə hekayə yazmaq, bloq yaratmaq, oyunlar üzrə bələdçi videoçarxlar çəkmək istəyiblər.