Bakı. 1 avqust. REPORT.AZ/ Rusiya Bolşevik Partiyasının liderlərindən olan, Qızıl Ordunun qurucusu kimi tanınan Lev Trotskinin İstanbulda, Böyükadada vaxtilə yaşadığı ev satışa çıxarılıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, evin ilkin satış qiyməti 4 milyon 400 min dollar məbləğində müəyyənləşdirilib. 150 illik tarixə malik 3 571 kvadratmetrlik sahəni əhatə edən evin əsas hissəsi 950 kvadrat metrdir. 18 otağı olan evdə 5 zal və 5 hamam yerləşir.
Xatırladaq ki, Lev Davidoviç Trotski Bronştayn adı ilə Yanovkada anadan olub. Trotski adını 1902-ci ildən etibarən istifadə etməyə başlayıb. 1917-ci il Böyük Rusiya inqilabının liderlərindən olan Trotski SSRİ-nin qurulmasında, inqilabdan sonra daxili qiyamların yatırılmasında əsas rol oynayıb. O, Lenindən sonra SSRİ-nin ikinci adamı olsa da, ancaq İosif Stalinlə hakimiyyət mübarizəsindən məğlub ayrılıb. Uzun illər SSRİ-də Rusiya Bolşevik Partiyasının sıravi üzvü kimi qalan Trotski siyasi təşkilata qarşı qiyama hazırlamaq və fəhlə sinfini hakimiyyətə qarşı silahlı üsyana təşviq etməkdə günahlandırılaraq ölkəni tərk etmək məcburiyyətində qalıb. O, 1929-1933-cü illərdə İstanbulda Böyükadada yaşamağa başlayıb. Bu evdə onun təhlükəsizliyi ciddi şəkildə qorunub. Hətta Stalin 1932-ci il fevralın 20-də Trotskini SSRİ vətəndaşlığından çıxaranda İstanbuldaymış. Onun İstanbulda yaşadığı müddət ərzində kitablarını nəşr etməsinə də icazə verilib. Bunlar "Daima inqilab", "Stalin qrupunun səhvi", "Rus inqilabı tarixi", "Çin inqilabının problemləri", "Həyatım" və başqalarıdır.