Bakı. 26 avqust. REPORT.AZ/ Dubaydan Moskvaya uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Azərbaycan vətəndaşının uçuş qaydalarını pozması səbəbindən təcili eniş etməyə məcbur olub.
Report RİA Novosti-yə istinadən xəbər verir ki, azərbaycanlı söyüş söyüb və ətrafdakılara mane olub.
Təyyarənin göyərtəsində yalnız stüardessa qızlar olub və buna görə də sərnişinlər narahatlıq yaradan şəxsi sakitləşdirməyə kömək ediblər. Bir neçə kişi sərnişin onu qayış və dəsmallarla bağlayıblar. Sonra isə Yerevanda məcburi eniş etmək qərara alınıb.
Ermənistan isə Yerevan aeroportunda azərbaycanlı səbəbkarı qəbul etməkdən imtina edib. Kişinin qollarına qandal taxılıb, sakitləşdirici iynə vurulub və bu vəziyyətdə reysin 3 saat gecikməsi ilə Moskvaya çatdırılıb. Moskvada o, polis əməkdaşlarına təhvil verilib.