Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni məlumatlarına görə, 2019-cu ildə qlobal hərbi xərclər 1,917 trilyon ABŞ dollarına qədər artıb.
“Report” xəbər verir ki, dünyanın hərbi xərcləri 2018-ci illə müqayisədə 3,6% artıb və bu, 2010-cu ildən bu yana ən böyük illik artımdır.
ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi xərcləri olan ölkələrin “ilk beşliy”inə daxil olub. Onlar payına qlobal hərbi xərclərin 62%-i düşür. İlk dəfə iki Asiya ölkəsi ən böyük hərbi xərclərə görə TOP-3 üzvü olub.
2019-cu ildə dünyanın hərbi xərcləri qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni və ya adambaşına 249 ABŞ dolları təşkil edib.
“2019-cu ildə qlobal hərbi xərclər 2010-cu illə müqayisədə 7,2% artıb. Bu, son illərdə hərbi xərclərin sürətlə artması tendensiyasını nümayiş etdirir. Bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən yüksək xərcləmə səviyyəsi idi və güman ki, hərbi xərclərin pik nöqtəsini əks etdirir”, - SIPRI Silahlar və Hərbi Xərclər Proqramının elmi əməkdaşı Nan Tyan deyib.
Dünya hərbi xərclərinin artımı ABŞ-da hərbi xərclərin artması ilə əlaqədar olub. Belə ki, 2019-cu ildə ABŞ-ın hərbi xərcləri 5,3% artaraq 732 milyard dollara çatıb. Bu, qlobal göstəricinin 38%-ni təşkil edir.
2019-cu ildə Çinin hərbi xərcləri 2018-ci illə müqayisədə 5,1% artaraq 261 milyard ABŞ dollarına çatıb. Hindistan isə hərbi xərclərini 6,8% artıraraq 71,1 milyard ABŞ dollarına çatdırıb. Rusiyanın hərbi xərcləri 4,5% artaraq 65,1 milyard ABŞ dolları təşkil edib. Bu, ölkə üzrə ÜDM-in 3,9%-i deməkdir.
Avropada hərbi xərclərin ən böyük artımı Almaniyada olub. 2019-cu ildə Almaniyanın hərbi xərcləri 10% artaraq 49,3 milyard ABŞ dolları təşkil edib. Bu həm də 2019-cu ildə dünyada ən yüksək hərbi xərcləri olan 15 ölkə arasında xərclərdəki ən böyük artım olub.
“Almaniyada hərbi xərclərin artması qismən NATO üzvü olan bir çox ölkə ilə bölüşülən Rusiya tərəfdən təhdid hissinin artması ilə əlaqədardır. Bununla belə, Fransa və Böyük Britaniyanın hərbi xərcləri nisbətən sabit qalıb”, - SIPRI-nin elmi əməkdaşı Dieqo Lopes da Silva bildirib.
Əvvəlki qlobal iqtisadi böhranların nəticələri onu söyləməyə əsas verir ki, COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhran gələcəkdə hərbi xərclərin səviyyəsinə də təsir göstərəcək.