Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ sakini tapdığı, içində 10 min dollar olan çantanı sahibəsinə qaytarıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York sakini Riçard Tavern metroda içində 10 min dollar olan qadın çantası tapıb. O, çantanı polisə təhvil verib.
Bir neçə gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ona zəng edərək, çantanın sahibəsi ilə görüşməyi təklif ediblər. Məlum olub ki, çanta əslən Qazaxıstandan olan, Amerika şirkətində işləyən Ayya Tulemaqanbetovaya məxsusdur. Qadın bu qədər pulu çantasında gəzdirməsini ölkəsində hədiyyə almaq istəməsi, Qazaxıstanda kartla ödənişin tez-tez qadağan olunması ilə əsaslandırıb.
Qadın onun xeyli miqdarda pul dolu çantasını özünə qaytaran şəxsə təşəkkür edib və Qazaxıstanda talisman sayılan və uğur gətirdiyi hesab edilən "Qızıl insan" fiqurunu Riçard Tavernə hədiyyə edib.
"Mən tam əminəm ki, çantanı tapan çoxları belə də edərdilər", - deyə Riçard Tavern bildirib.