Hər il okeana 10 milyon tondan çox plastik tullantı düşür və biz onun suyun üzərində üzən yalnız 1%-ni görürük. Yerdə qalan 99% tullantı ilə nə baş verdiyi tam aydın deyil.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, plastik tullantıların bir hissəsi ölçüsü 5 mm-dən az olan çox xırda hissələrə (mikroplastika) bölünür.
Britaniyalı okeanoloqların İtaliyanın qərb sahillərində yerləşən Tirren dənizində apardıqları yeni araşdırma güclü dərinsulu dəniz axınlarının bu hissəcikləri “soraraq” dəniz dibində heyrətləndirici miqdarda topladığını göstərib. Mikroplastika daha çox dərin sulu kanyonlarda toplanır.
Alimlər qalınlığı 5 santimetr və sahəsi 1 kvadratmetr olan təbəqədə 1,9 milyon ədəd mikroplastik aşkar ediblər. “Science” nəşrində yazılana görə, bu, qeydə alınana ən böyük göstəricidir.