91 yaşlı milyarder Uorren Baffet iyunda onunla nahar etmək fürsətini sonuncu dəfə hərraca çıxaracaq. Minimum təklif 25 min ABŞ dolları təşkil edir.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Hərrac iyunun 12-dən 17-dək “eBay”də keçiriləcək.
Hərracın qalibi və yeddi nəfərə qədər qonaq Baffetlə milyarderin sevimli restoranlarından biri olan Nyu-Yorkdakı “Smith & Wollensky steakhouse”da nahar edəcək.
Bu cür hərraclar zamanı Baffet ümumilikdə 34 milyon ABŞ dollarına yaxın vəsait toplaya bilib. Bu vəsait ehtiyacı olanları tibbi xidmətlə və pulsuz yeməklə təmin edən “Glide Foundation” xeyriyyə təşkilatına gedir. 2019-cu ildə rekord qeydə alınıb: “Tron” kriptovalyuta platformasının yaradıcısı və “BitTorrent”in baş direktoru Castin San nahar üçün 4,57 milyon dollar ödəyib.
“Uorren Baffet ilə sonuncu naharının daha bir rekord qıran hərrac olacağını gözləyirik və bütün gəlirlər “Glide”ın dəstəklənməsinə yönəldiləcək”, - “eBay”in baş icraçı direktoru Ceymi İannon deyib.