Koronavirus xəstələri arasında ən çox rast gəlinən ağırlaşmalar sepsis (42 faiz), tənəffüs və ürək çatışmazlığı (müvafiq olaraq 36 və 12 faiz), həmçinin qanın laxtalanmasıdır (7 faiz).
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb Universitenin professoru Andrey Demin deyib.
O, Uhan xəstəxanasının statistikasına istinad edib. Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaqda, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında pozuntular, həmçinin dəri təzahürləri müşahidə olunur.
Demin əlavə edib ki, bəzi hallarda xəstələrdə infeksiyanın klinik təzahürləri olmasa da, immun sisteminin, qaraciyər, böyrəklər və digər orqanların funksiyası dəyişir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
ÜST-ün məlumatına görə, dünyada koronavirusa 5 817 385 yoluxma və 362 705 ölüm qeydə alınıb.