Qaranlıq, kəskin kif iyi, qədim yüksək sütunlar... Bura uzun zamandır gəzmək üçün xəyalını qurduğum "Yerəbatan su sarnıcı" (sisterni) - İstanbulun məşhur və olduqca qədim su anbarıdır. Bəhs olunan məkanla tanışlığım illər öncə oxuduğum bir kitabla bağlıdır. Məşhur yazıçı Den Braunun "Cəhənnəm" əsərinin “razvyazka”sında bu qədim su anbarından bəhs edilir. Elə əsərin yekunu da məhz bu məkanda cərəyan edir. Yazar məkanı o qədər maraqlı və mistik şəkildə təsvir edir ki, əsəri oxuyan istənilən adam bura ən azı bir dəfə səfər edib, həmin qədim məkanla tanış olmaq istəyir. Bu istək məndən də yan ötmür.
Uzun turist növbəsindən sonra nəhayət sıra mənə də çatır və içəri keçirəm. 52 pilləli daş pilləkəndən endikdən sonra gördüyüm 336 sütun sisternin memarlığını bənzərsiz edir. Su deposunun içərisindən yüksələn bu sütunlar və onların başlıqları o qədər dəbdəbəlidir ki, xalq onu “Yerəbatan Sarayı” kimi tanıyır.
Məkan restavrasiya olunduqdan sonra əvvəllər qapalı olan hissələr də açılaraq ziyarətçilərə təqdim olunur. Olduqca qaranlıq anbara qırmızı və yaşıl rəngli işıqları əks etdirməklə bir qədər də mistik görüntü verilir. Hündür daş sütunlardan hələ də su sızır və işıqlar rəngini dəyişib, anbar bir neçə saniyəlik qaranlığa qərq olanda insanı vahimə basır. Klostrofobiyama (qapalı yer qorxusu, red) qalib gəlməyə çalışaraq anbarı gəzməyə davam edirəm. Burada həddindən çox turist var, lakin insan kütləsi anbarın olduqca sərin havasında hansısa dəyişikliyə səbəb olmur. Düzü, arabir üşüyürəm...
Sistern lüğətdə “yağış sularının yığılması üçün yeraltı su anbarı” kimi izah olunur. Sultanahmetdə, Müqəddəs Sofiya Məbədinin düz yanında yerləşən "Yerebatan Sisterni" "dünyanın ən qədim su anbarı" olan möhtəşəm və estetik bir quruluşa malikdir. Bura 1500 ilə yaxın yaşı və hələ də qoruyub saxladığı sirləri ilə İstanbulun bənzərsiz əsərlərindən biri hesab olunur.
Dördbucaqlı forması, 9800 kvadratmetr sahəsi və yüz min ton su tutumu olan bu nəhəng tikili VI əsrdə Bizans imperatoru I Yustinian tərəfindən saray əhlinin və ətrafdakı insanların suya ehtiyacını ödəmək üçün tikilib. Buradakı su Cebeciköy su kəmərindən və 19 km uzaqlıqdakı Belqrad meşəsindən əldə edilir.
Osmanlı İstanbulu fəth etdikdən sonra türklər Topqapı sarayının bağlarını suvarmaq üçün qısa müddət sisterndən istifadə edirlər. Lakin o dövrdə axan suyun daha təmiz olduğunu düşündüklərindən şəhərə fərqli yerlədən su boruları çəkilir və sistern zamanla öz funksiyasını itirərək unudulur.
"Yerebatan Sarnıcı"nın qaranlıq dünyası 16-cı əsrin ortalarında holland səyyahı Petrus Gyllius tərəfindən gün üzünə çıxarılıb. Qədim mətnləri araşdırmaq üçün İstanbula gələn səyyah Ayasofya ətrafındakı evlərin alt qatında su quyuları olduğunu və insanların oradan vedrələrlə su çəkdiyini, balıq tutduğunu öyrənib. Həmin quyulara gedən yolu kəşf edəndə bu füsunkar yeri Qərblə tanış edən şəxs kimi tarixə öz adını yazdırır.
Sisternin içindəki bir sütun öz hekayəsinə görə digərlərindən seçilir. Bu sütun tovuz quşunun lələyini, həmçinin göz yaşlarını xatırladan oymalarla hazırlanıb və “ağlayan sütun” kimi tanınır. Rəvayətə görə, sisternin 38 illik tikintisində 7 min qul işləyib, tikinti gedişində onlardan çoxu həyatını itirib. Bu sütun da onların xatirəsinə ucaldılıb.
Burada əfsanəvi Meduzanın çoxlu heykəlləri var. Sütunların altında dayanan Meduza başları "Yerəbatan Sisterni"ni sirli bir quruluşa çevirir. İki sütunun altında yerləşən və haradan gətirildiyi bilinməyən bu əsərlər haqqında əfsanələr dildən-dilə dolaşır.
Anbarın şimal-qərb küncündəki 2 sütunun altında yerləşən iki Meduza başı da Roma Dövrü heykəltəraşlıq sənətinin nümunəsi kimi tarixdə öz əksini tapır. Meduza başlarından biri yan, digəri isə tərs görünüşdədir. Çoxallahlılıqdan təkallahlılığa keçidi təmsil etdiyi düşünülən Meduza başları haqqında çoxlu rəvayətlər var. Bir inanca görə ona baxanların daşlaşdığı düşünülür.
Sisterni gəzdikcə burada suyun içində, sütunların mərkəzində sonradan yerləşdirilmiş heykəllər olduğunu görürəm, onların hansısa hekayəsi varmı, bilmirəm. Açığı həmin heykəlləri sadəcə turistlərin şəkil çəkdirməkləri üçün buralara yerləşdirildiyini düşünürəm. Lakin bu möhtəşəm məkanda hər sütunun bir hekayəsi olduğunu düşünsək, o heykəllərə diqqət etməyə və onların bura nə üçün yerləşdirildiyini soruşmağa vaxtım olmur. Bir saata yaxın gəzdiyim möhtəşəm tarixi məkana səfərimi yekunlaşdırır və sisternə bir daha ziyarət etmək ümidi ilə buradan ayrılıram.
Qeyd edək ki, İstanbulun tarixi və mədəni irslərindən biri olan və Bizans dövrünün tarixi struktur məlumatlarını və mədəni atmosferini bu gün də yaşadan möhtəşəm məkanı gün ərzində saat 09:00 -18:30-dək ziyarət edə bilərsiniz.