Kanadanın CBC telekanalı "Evdə tək-2" filmindən ABŞ prezidenti Donald Trampla bağlı epizodun çıxarılaraq efirə verildiyini təsdiqləyib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ənənəvi olaraq Milad ərəfəsində yayımlanan filmdə Trampla bağlı epizod yoxdur.
Telekanalın nümayəndəsi Çak Tompson bildirib ki, bu epizod hələ beş il əvvəl kəsilib, həmin vaxt Tramp hələ prezident olmamışdı.
"Bunun kimi televiziya üçün uyğunlaşdırılmış filmlər tez-tez olur. "Evdə tək-2" efir vaxtına görə qısaldılıb. Donald Trampla bağlı səhnə və bəzi başqa epizodlar kəsilib, çünki süjetə uyğun deyildilər", - CBC əməkdaşı deyib. O, qeyd edib ki, telekanal beləliklə nümayiş zamanı reklamın həcmini artırmağa çalışıb.
Qeyd edək ki, bəziləri bunun guya Trampın Kanadanın baş naziri Castin Tryudo ilə xoşagəlməz münasibətlərinə görə baş verdiyini ehtimal edirdilər.
1992-ci ildə çəkilən məşhur filmdə Tramp özünü oynayır. Kiçik epizodda o baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir. Bu epizod təxminən on saniyə davam edib.