İsveçrənin, təqribən, 100 qədim sakininin genetik “siyahıyaalınması”nı aparan alimlər 4,8 min il öncə bu əraziyə Xəzəryanı çöllərin sakinlərinin köçdüyünü aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə məqalə “Nature Communications” jurnalında yer alıb.
“Maraqlıdır ki, Xəzəryanı bölgə sakinlərinin bu əraziyə gəlişindən 1 000 il sonra yaşamış bir neçə qadının genomunda heç bir “çöl” DNT-si aşkarlanmayıb. Demək ki, bu ərazidə uzun müddət iki bir-birindən ayrı xalq yaşayıb”, - alimlər qeyd edirlər.
Bildirilir ki, bunu incələmək üçün tədqiqatçılar Alp dağlarında 3-7 min il öncə yaşamış 96 sakinin genomunu araşdırıblar. Xalqların yanaşı yaşamaqlarına baxmayaraq, aralarında təmas olmadığından bəzi qədim yerli sakinlərin genomunda Xəzəryanı bölgənin izi tapılmayıb.
Bu köçkün tayfaların dəqiq harada yaşadığını alimlər hələlik təyin edə bilməyiblər. Onların Alp dağlarının İsveçrə və ümumən Avropadan coğrafi baryerlərlə ayrılmış yüksək dağlıq bölgəsində yaşadığı güman edilir.