Dünyada tütün çəkənlərin sayı 2015-ci ildən bu yana 1,32 milyarddan 1,3 milyard nəfərədək azalıb.
“Report” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bu gün dərc edilmiş hesabatına görə ən çox irəliləyiş əldə olunmuş Şimali və Cənubi Amerika ölkələrində 2010-2020-ci illər ərzində tütün çəkənlərin xüsusi payı 21 faizdən 16 faizədək azalıb.
Bütövlükdə 2020-ci ildə tütün çəkənlər dünya əhalisinin 22,3 faizini, o cümlədən kişilərin 36,7 və qadınların 7,8 faizini təşkil edib. Tütün aludəçisi qadınların xüsusi payına görə 18 faizlə Avropa birinci yerdədir. Dünyada 231 milyon tütün çəkən qadın arasında bu zərərli vərdiş daha çox 55-64 yaş qrupunda intişar tapıb. Bununla yanaşı, 13-15 yaş arası yeniyetmələr arasında 38 milyon tütün çəkən var ki, bunun da 13 milyonunu qızlar təşkil edir.
Hesabatda hökumətlərin daha çox insana tütündən əl çəkməsinə yardım göstərməyə vəsait ayırmaları üçün çağırış da yer alır. Belə ki, bu məqsədlər üçün hər il adambaşına 1,68 dollar vəsait yönəldilsə, 2030-cu ilədək daha 152 milyon nəfərin zərərli vərdişdən əl çəkəcəyi vurğulanır.