Alimlər insan beynində qorxu hissinin necə “möhkəmlənməsinin” səbəblərini araşdırıblar.
“Report” “Nature” jurnalına istinadən xəbər verir ki, araşdırmanı Kaliforniya Universitetinin bioloqları Cun-Hön Ço və Vunq Bin Kim aparıblar.
Onlar beyində müəyyən hadisə ilə assosiasiya olunan qorxunun necə “möhkəmlənməsini” aydınlaşdırıblar. Beyində bu mexanizmə cavabdeh hippokamp və amiqdalanın olduğu müəyyənləşib.
Tədqiqatçılar bu nəticəyə siçanlar üzərində aparılan təcrübəyə əsaslanaraq gəliblər. Gərgin vəziyyətdə siçanların hippokampı baş verənlərə reaksiya verir və onları beyində kodlaşdırır, amiqdala isə müdafiə reaksiyasını qorxu formasında aktivləşdirir.
Araşdırmaçıların sözlərinə görə, onlar beyində müdafiə reaksiyasının belə qurulduğunu təxmin edirdilər, ancaq onlarda bunu təsdiq edən eksperimental nəticələr çatışmayıb.
Araşdırmanın sonucları onu göstərib ki, gələcəkdə hippokamp ilə amiqdala arasındakı neyron əlaqəsini zəiflətmək mümkün olarsa, insanlar öz qorxularını yaddaşdan “silə” biləcəklər. Bu, məsələn, müharibə və ya faciənin verdiyi posttravmatik stress pozuntusu olan insanlara lazım ola bilər.