Erkən yaşlardan ata ilə hərəkətli oyunlar oynayan uşaqlar böyüyəndə öz davranışları və emosiyalarına daha yaxşı nəzarət edə bilirlər.
“Report” xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Kembric Universitetinin alimləri gəlib.
Məlumata görə, araşdırmaçılar Avropa və Şimali Amerikada 40 il ərzində (1977-2017) aparılan bütün tədqiqatları incələyiblər. Alimlər bu araşdırmalarda uşaqların (3 yaşadək) ataları ilə aktiv ünsiyyətdə olmalarının onların gələcək həyatına təsirindəki qanunauyğunluğu tapmağa çalışıblar.
Məlum olub ki, ata ilə oyunlar və özünənəzarət arasında, həqiqətən də, qanunauyğunluq var: belə uşaqlar bir müddət sonra öz hissləri və emosiyalarını daha yaxşı idarə edə bilir və bu bacarıqları məktəbdə də tətbiq edə bilirlər. Həmçinin belə uşaqlarda hiperaktivlik və aqressiya da nadirən qeydə alınıb.