Yuxarı

​Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən və dövlət rüsumundan azad olunması qaydası təsdiq edilib

Bu qayda 3 il müddətində qüvvədə olacaq

Bakı. 21 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, sənəddə bu qərarın 2016-cı il iyun ayının 1-dən etibarən tətbiq edildiyi və 3 il müddətində qüvvədə olduğu bildirilir.

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 212.6-cı maddəsinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən hazırlanmışdır və xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.

1.2. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən və dövlət rüsumundan azaddır:

1.2.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

1.2.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

1.3. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri (bundan sonra - avtonəqliyyat vasitələri) bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.

1.4. Bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüksüz keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

1.5. Bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüklə keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.

2. Bu Qaydanın tətbiq dairəsi

2.1. Bu Qayda Azərbaycan Respublikası ərazisində dəmir yolu ilə nəql edilən yüklərin Azərbaycan Respublikasının vahid gömrük ərazisindən (bundan sonra - gömrük ərazisi) Türkiyə Respublikasına və ya İran İslam Respublikasına, habelə Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə daşınan yüklərin Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqlinə davam etdirilməsi məqsədi ilə gömrük ərazisinə daxil olan və bu ərazini tərk edən xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə şamil edilir.

2.2. Avtonəqliyyat vasitələri aşağıda qeyd edilən daşımaları həyata keçirdikdə, yol vergisindən və dövlət rüsumundan azad olunur:

2.2.1. Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

2.2.2. Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq Türkiyə Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

2.2.3. İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

2.2.4. Türkiyə Respublikasından avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

2.2.5. avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda.

3. Yük haqqında bildiriş

3.1. Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər (bundan sonra - bəyannaməçi) Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

3.2. Bəyannaməçi bu Qaydanın 3.1-ci bəndində göstərilənlərdən əlavə, müvafiq gömrük orqanına bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş formada "Yük haqqında bildiriş"i (bundan sonra - bildiriş) təqdim edir.

3.3. Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

3.4. Bildiriş kağız üzərində yazılı formada təqdim edildikdə, üç nüsxədə tərtib edilir. Bildirişin bir nüsxəsi müvafiq gömrük orqanında, digər iki nüsxəsi isə bəyannaməçidə qalır. Bildiriş elektron formada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə Qaydaları"na uyğun olaraq tərtib edilir.

3.5. Avtonəqliyyat vasitəsi Astara və ya Şərur dəmir yolu stansiyasına daxil olduqda, bəyannaməçi bildirişin bir nüsxəsini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumuna (bundan sonra - daşıyıcı) təqdim etməlidir.

3.6. Kağız üzərində yazılı formada təqdim olunan bildiriş bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Elektron formada təqdim edilən bildirişdə elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.

3.7. Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir.

3.8. Bildirişin Azərbaycan və ingilis dillərində formaları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilməlidir və bəyannaməçinin həmin səhifədən bildirişi ödənişsiz qaydada əldə etmək imkanı olmalıdır.

4. İlk dəmir yolu stansiyasına yola düşən avtonəqliyyat vasitələri

4.1. İran İslam Respublikasının və ya Türkiyə Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə müvafiq olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

4.2. Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formalarda bildirişi və müvafiq müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

4.3. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, bəyanaməçi müvafiq gömrük orqanına bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

5. Son dəmir yolu stansiyasına yola düşən avtonəqliyyat vasitələri

Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya Türkiyə Respublikasına və ya onların ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsində müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni yük gömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdim etməlidir.

6. Dəmir yolu stansiyalarında zəruri əməliyyatlar

6.0. Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolu stansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədə aşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

6.0.1. dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydada müəyyən edilir;

6.0.2. dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinə aşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl vaqonlardan boşaldılır;

6.0.3. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdan əvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;

6.0.4. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilə nəql edilən digər yük geri müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində daşınması üçün həmin avtonəqliyyat vasitəsinə aşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl boşaldılır;

6.0.5. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.

7. Təhvil-təslim aktı

7.1. Bu Qaydanın 6-cı hissəsində göstərilən zəruri əməliy-yatların aparılması bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş formada daşıyıcı tərəfindən bəyannaməçiyə təqdim edilən müvafiq təhvil-təslim aktı ilə həyata keçirilir.

7.2. Təhvil-təslim aktı ciddi hesabat blanklarında tərtib edilir və daşıyıcının səlahiyyətli şəxsi və bəyannaməçi tərəfindən imzalanır, həmçinin daşıyıcı tərəfindən möhürlənir.

7.3. Təhvil-təslim aktı 3 (üç) nüsxədə tərtib edilir, nüsxələrdən biri daşıyıcıda, digər ikisi isə bəyannaməçidə qalır. Bəyannaməçi və daşıyıcı tərəfindən təhvil-təslim aktı bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra, qeyd edilən nüsxələrdən biri müvafiq gömrük orqanına təqdim edilir.

7.4. Daşıyıcı bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş formada bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq bəyannaməçi və daşıyıcı tərəfindən təsdiq edilmiş müvafiq təhvil-təslim aktını təsdiq edildikdən dərhal sonra gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edilməsi üçün müvafiq gömrük orqanına göndərməlidir.

8. Yekun müddəalar

8.1. Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiq gömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatları, eləcə də bildirişi və bildirişdə göstərilən məlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edir.

8.2. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiq gömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksini tapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyət aşkar edilmədikdə, avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərk etməsinə icazə verilir.

8.3. Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinə götürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeyd edilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edən hərəkətlərə yol verməməlidir.

8.4. Bəyannaməçi bildirişdə qeyd edilən öhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi